Press "Enter" to skip to content

Gəncədəki peşə təhsili müəssisələrində “açıq qapı” günləri

Bayraqdar.info – Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi Gəncədə “açıq qapı” günləri keçirir.

Bu barədə bayraqdar.info-ya BMTİP-nin Azərbaycan ofisindən məlumat verilib.

Qeyd olunub ki, hazırda “açıq qapı” günləri Gəncə şəhərində yerləşən bir sıra peşə təhsili müəssisələri üçün davam etdirir.

“Açıq qapı” günlərinin məqsədi ictimaiyyəti peşə təhsili mərkəzləri haqqında ətraflı məlumatlandırmaq, həmçinin gənclər üçün peşə təhsilinin cəlbediciliyinin artırılmasına dəstək olmaqdır: “Sayca üçüncü olan tədbir Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi ilə birgə təşkil olunub. Sözügedən mərkəzlər, Gəncə şəhərindən yuxarı sinif şagirdləri, valideyn və müəllim kollektivi, həmçinin özəl sektor nümayəndələri üçün qapılarını açıq elan edib. Tədbir çərçivəsində peşə təhsili mərkəzləri (PTM) iştirakçı qruplar üçün pandemiya qaydalarına əməl edərək tur təşkil edib”.

Ziyarətçilər PTM-lərin bir sıra tədris məkanlarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olub, qəbul qaydaları barədə ətraflı məlumat alıb. İştirakçılar hər iki peşə təhsili müəssisəsində ilk dəfə qəbulu nəzərdə tutulan yüksək texniki peşə ixtisasları haqqında da informasiya əldə ediblər. Qeyd edilməlidir ki, yüksək texniki peşə təhsili almış tələbələr daha sonra ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər.

Əlavə olaraq iştirakçılar tədbir zamanı peşə təhsili məzunlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar. Eyni zamanda müvafiq karyera perspektivləri, o cümlədən PTM-lərin özəl sektor şirkətləri ilə cari əməkdaşlıq imkanları haqqında müzakirələr aparıblar.

Qeyd edilən tədbir “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir. Məqsəd peşə təhsili müəssisələrinin müasirləşdirilməsində, peşə təhsili və təlimi sisteminin keyfiyyətinin artırılmasında Azərbaycan hökumətinə dəstək olmaqdır.

Mission News Theme by Compete Themes.