Bayraqdar.info – Cenevrədə yerləşən Press Emblem Campaign (PEC) adlı beynəlxalq təşkilat iyunun 7-də COVID-19 nəticəsində media işçilərinin zərər çəkməsi ilə bağlı hesabat yayıb.
Qurumdan bayraqdar.info-ya daxil olan hesabatla bağlı açıqlamada bildirilir ki, pandemiya başlayandan dünyanın 77 ölkəsində ən azı min beş yüz jurnalist məhz COVID-19 üzündən dünyasını dəyişib.
Qurumun əldə olan bilgilərinə görə, təkcə bu ilin may ayında bu xəstəlikdən iki yüzdən çox jurnalist dünyasını dəyişib. Bu isə gündə ən azı altı jurnalistin COVID-19 qurbanı olması deməkdir.
PEC-in baş katibi Blaise Lempen bildirib ki, ölən jurnalistlərin 95-i Hindistanın, 26-sı isə Braziliyanın payına düşür.
PEC baş katibi jurnalistlərin ölümə məruz qalmasını onların işiylə əlaqədar sayır. Çünki media işçiləri daim cəmiyyət içində olmaqla yoluxma riski yüksək olan kateqoriyaya aiddir.
PEC bir sıra ölkələrdə COVID-19 üzündən dünyasını dəyişən jurnalistlərin ailəsinə dövlət qayğısını alqışlayır. Eyni zamanda bəzi ölkələrdə jurnalistlərin peyvəndlənməsinə öncəlik verilməsindən məmnundur.
PEC-in məlumatlarına görə, 2020-ci ilin martından bu günə qədər Hindistanda COVID-19-dan ölən jurnalistlərin rəsmi sayı 246 olsa da bu rəqəmin 400-dən artıq olduğu ehtimalı var. Çünki bir sıra hallarda bununla bağlı rəsmi məlumat verilmir.
Hindistandan sonra ən çox jurnalistin öldüyü ölkə Braziliyadır: 239. Daha sonra 163 rəqəmiylə Peru, 112 ilə Meksika gəlir. Kolumbiyada 65, İtaliyada 58, Bangladeşdə 53, ABŞ-da 49, İranda 32 jurnalist COVID-19 üzündən dünyasını dəyişib.
Bölgələr üzrə rəqəmlərə gəlincə, Latın Amerikası 795 jurnalist ölümüylə acı siyahıya başçılıq edir. Asiyada 406, Avropada 192, Afrikada 57 və Quzey Amerikada 51 jurnalist COVID-19-un qurbanı kimi qeydə alınıb.
PEC əlavə edib ki, bu rəqəmlər gerçəkliyi tam əks etdirmir. Çünki bir çox ölkələrdə bir sıra hallarda jurnalistlərin də COVID-19 üzündən dünyasını dəyişməsi halları tam olaraq açıqlanmır…
Əlavə edək ki, jurnalistlərin COVID-19-dan qorunması üçün dövlət qayğısının yüksək olduğu ölkələr sırasında Azərbaycan da var. Burada Mətbuat Şurasının təşəbbüsüylə jurnalistlər üçün bir neçə dəfə peyvəndləmə kampaniyası təşkil edilib və nəticədə yüzlərlə media təmsilçisi peyvəndlənib.