Bayraqdar.info – Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı iyunun 7-də BMT İnsan Hüquqları Şurasına müraciət edib.
Bu barədə məlumat bayraqdar.info-ya BAMF-dan verilib.
Bundan başqa, BAMF və bir qrup ictimai təşkilat aprelin 8-də Ermənistana qarşı www.change.org saytında petisiya başladıb. Petitsiya Azərbaycanın işğaldan azad edilmiş bölgələrini Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman ciddi şəkildə minalaması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina edilməsinə aiddir. İndiyə kimi 15 min nəfər petisiyaya qoşulub.
Bəyanatda bildirilir ki, BAMF Azərbaycanın azad edilmiş ərazilərində qalan mina və partlamamış hərbi sursatların yaratdığı ağır vəziyyəti İnsan Hüquqları Şurası diqqətə almalıdır. 2020-ci ilin noyabrında üçtərəfli Bəyanatla Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoyulub.
Qeyd edək ki, Ermənistan son 30 ilə yaxın müddətdə beynəlxalq və rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanınmış əraziləri işğal edib. İşğal dövründə Ermənistan həmin ərazilərdə çox böyük miqyasda təhlükəli minalar basdırıb. Bu minalar hərbi əməliyyatlar dayandırıldıqdan və üçtərəfli razılaşmadan sonra da erməni qüvvələrinin Azərbaycanın azad edilmiş ərazilərindən geri çəkildiyi zaman qəsdən basdırılıb. Ermənistanda bu minaların yerləşdiyi yerləri göstərən xəritələr var. Münaqişənin başa çatmasından demək olar ki, 200 gün keçməsinə rəğmən, Ermənistan minaların yerini bildirməkdən boyun qaçırır. Bu xəritələrin təqdim edilməsini uzatmaları həm bölgədə yaşayan ermənilər, həm də azərbaycanlılar üçün təhlükədir.
Daha sonra müraciətdə deyilir ki, Ermənistanın minaların yerlərini müəyyən edən xəritəni təqdim etməkdən imtinası ciddi insan haqları pozuntusudur. Bu, hələ də minalar və partlamamış hərbi sursatların təsirinə məruz qalan ərazilərdə yaşayanların yaşama hüquqlarını təhdid altına atır. Burada yaşayanlar arasında təqribən 30 min erməni də var.
“2021-ci ilin may ayına olan məlumata görə, minalar nəticəsində 120-dən çox ölüm və ya yaralanma hadisəsi olub. Münaqişə bitəndən bəri mina partlayışları nəticəsində Azərbaycanın 20 vətəndaşı həyatını itirib. Bu ölüm hallarının hər birinin qarşısı tamamilə alına bilərdi” – deyə müraciətdə bildirilir.