Son yeniləmə: 7 İyun 2021 07:57
Yücel Karauz: Beynəlxalq birliyi nəhayət ki, hərəkətə keçməyə, terror dövləti olan Ermənistanın cinayətkar əməllərinə layiqli qiymət verməyə çağırıram
Bayraqdar.info – “BMT, ATƏT haradadır? Niyə bu beynəlxalq qurumlar Ermənistanın müharibə cinayətlərinə, terrorçuluq əməllərini davam etdirməsinə etiraz bildirmirlər? Niyə beynəlxalq ictimaiyyət yenə də Ermənistanın cinayətkar əməllərinə qarşı susqunluq nümayiş etdirir? Axı Ermənistanın cinayətkar əməllərinin cəzasız qalmasının hansı fəlakətlərə səbəb olduğunu beynəlxalq birlik yaxşı bilir.”
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
Onun sözlərinə görə, iyunun 4-də baş verən faciə Ermənistanın məqsədyönlü cinayətlərinin, qəsdlə törədilmiş terror aktının daha bir acı nəticəsidir: “Mən minaya düşərək şəhid olan AzərTAc-ın müxbiri Məhərrəm İbrahimov, Az.TV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayonunun Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyevin ailəsinə başsağlığı verirəm. Eyni zamanda beynəlxalq birliyi nəhayət ki, hərəkətə keçməyə, terror dövləti olan Ermənistanın cinayətkar əməllərinə layiqli qiymət verməyə çağırıram. Çünki ümumilikdə postmüharibə dövründə 27 dinc azərbaycanlı məhz Ermənistanın işğal dövründə minaladığı ərazilərin xəritəsini Azərbaycana verməməsi nəticəsində şəhid olub”.
Yücel Karauz bildirib ki, əslində, Ermənistan bu konteksdə iki cinayət törədən dövlət kimi mühakimə olunmalıdır: “Beynəlxalq hüquqa və konvensiyalara görə, dinc əhaliyə təhlükə yaradan minalama hərbi cinayət sayılır. Ermənistanın ikinci cinayəti isə həmin ərazilərin xəritəsini hələ də Azərbaycana verməməklə az qala hər gün mülki vətəndaşların yeni ölümlərinə səbəb olmasıyla bağlıdır. Bir sözlə, başda BMT olmaqla beynəlxalq qurumlar Azərbaycan ərazilərində basdırılmış minaların təmizlənməsi üçün böyük səylər göstərməlidir. Otuz il işğal altında saxlanılan Azərbaycan torpaqlarının minalardan təmizlənməsinə yardım göstərmək beynəlxalq birliyin mənəvi borcu, hüquqi öhdəliyidir”.
Onun sözlərinə görə, bu məsələdə ATƏT-in Minsk qrupunun üzərinə də məsuliyyət düşür: “Münaqişənin həlli istiqamətində heç bir uğura nail ola bilməyən Minsk qrupu heç olmasa bu məsələdə real addım atsın. Azərbaycan ərazilərində basdırılmış minaların təmizlənməsi üçün böyük səylər göstərib minalı sahələrin xəritələrinin Ermənistandan alınmasını təmin etsin. Bunu edərsə o zaman ATƏT-in Minsk qrupunun bundan sonra fəaliyyət göstərmək, yaşamaq haqqı olduğunu düşünmək olar”.
Bir daha xatırladaq ki, iyunun 4-də ermənilərin işlək yola gizli şəkildə döşədiyi tank əleyhinə minanın partlaması sonucu 2 jurnalist və 1 dövlət görəvlisi həlak olmuş, daha bir neçə nəfər yaralanmışdı. Hadisə Kəlbəcər rayonu ərazisində baş vermişdi.