İyunun 7-si korifey sənətkar Məlik Dadaşovun doğum günüdür
…“Abasqulu bəyin nazı ilə çox oynayırsan a, Kərbəlayi”… Bu ifadə hamıya yaxşı tanışdır və dillər əzbəridir. Bu sözlərin deyiliş tərzi, ifadəliliyi, aktyorun sifət mimikası, baxış – hamısı bir-birini elə tamamlayır ki, sadəcə aktyordakı məharətə, inandırıcılığa heyran olursan.
İyunun 7-də Xalq artisti Məlik Dadaşovun anadan olmasının 97-ci ildönümü tamam olur.
Azərbaycanın Xalq artisti Məlik Dadaşov həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda bir çox rollar yaradıb. O, həm də lirik-psixoloji rollarda böyük uğur qazanmış güclü xarizmatik aktyordur.
Məlik Dadaşov Azərbaycan teatr və kino məktəbinin ən görkəmli nümayəndələrindəndir.
Məlik Dadaşovun həyat yolu
Məlik Yusif oğlu Dadaşov 1924-cü ildə iyunun 7-də Bakıda anadan olub. O, 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirib. İnstitutu bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Milli Dram Teatrında işə başlayıb. İlk rol aldığı tamaşa “Ailə namusu” adlı pyesdə olub.
Yenicə aktyorluğa başlayan M.Dadaşov Ə.Ələkbərov, M.Məmmədov və Adil İsgəndərov kimi sənət korifeyləri ilə çalışıb. Bu münbit sənət mühitində çalışmaq onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərib və tezliklə aktyor qüdrətli sənətkarlar sırasına çıxıb.
Ailə həyatı
M.Dadaşov gənclik illərində Sofiya Hüseynova adlı gənc aktrisa ilə ailə qurur. 1946-cı ildə bu nikahdan gələcəyin məşhur aktyoru Rafael Dadaşov dünyaya gəlir. Lakin, bir müddət sonra cütlük boşanır.
Məlik Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, elə kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xalqımızı təmsil edən nadir sənətkarlardan olub. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb.
M.Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi.
Rollarındakı təbiilik
Tarixi keçmişimizdən bəhs edən “Dəli Kür” bədii filmində bir sıra canlı xarakterlər yaradılıb, qəhrəmanların daxili aləmi psixoloji dərinliyinə kimi göstərilib. Belə canlı obrazlardan biri də sənətkarın böyük ustalıqla yaratdığı molla Sadıq surətidir.
Molla Sadıq obrazından fərqli olaraq, “Axırıncı aşırım” filminin personajı Qəmlo düşmənə qarşı açıq mübarizə aparır, heç kimə güzəştə getmir.
“Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilib.
Görkəmli aktyor “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.
“Fəryad” filmindən sonra aktyora olan təzyiqlər
“Fəryad” filmindən çox sonralar belə bir hadisə olmuşdu. Məlik Dadaşov instituta gedəndə “Malakan” bağının yanında bir qadın onu görüb qışqırmağa başlayıb ki, “Ay camaat, bu adam ermənidir”. Ətrafda olanlar aktyorun başına yığışır. O isə sənədlərini təqdim edəndən sonra erməni olmadığına inanırlar.
“Ölülər”dəki Şeyx Nəsrullah rolunu o, dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma bu rollardakı aktyor məharəti tam fərqlidir.
Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir.
Onu ölümlə də hədələyiblər
1985-ci ildə Məlik Dadaşov “Müsahibə götürən adam” filminə çəkilir. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında olan filmdə Məlik Dadaşov bu ölkənin əks-kəşfiyyat komissarı Niyaz xan obrazını yaradır. Filmin çəkilişləri zamanı Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq aktyoru öldürəcəyi ilə hədələyir. Buna görə də filmin Pakistanda aparılmalı olan çəkilişləri təxirə salınır. Məlik Dadaşovu da Pakistana qoymurlar. Filmin çəkilişləri İçərişəhərdə aparılır.
Kinorejissor Əjdər İbrahimov aktyoru bir neçə filmdə çəkmişdi. “İyirmialtilar” və “Ulduzlar sönmür” filmlərində o, M.Əzizbəyovun və N.Nərimanovun çox real tarixi obrazlarını ekranda əbədiləşdirə bilmişdi.
Xalq yazıçısı İ.Əfəndiyevin “Atayevlər ailəsi” pyesi əsasında hazırlanmış televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi.
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarını xeyli zənginləşdirmiş, bura yeni yaradıcı qüvvələr cəlb etmişdi. 1980-ci illərdən M.Dadaşov indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs deyib.
Ömrünün sonuna kimi M.Dadaşov 42 filmdə rol alıb.
Görkəmli aktyor 1996-cı ildə dekabrın 2-də 72 yaşında vəfat edib.
Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib