Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində QHT rəhbərləri ilə görüş keçirilib. Görüşdə şəhid ailələri, Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, qazilərlə bağlı ümumilikdə 12 QHT nümayəndəsi iştirak edib.
Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, Agentliyin sədri Vüqar Behbudov həssas əhali qruplarının sosial müdafiəsi sahəsində aparılan işlərdən danışıb. O, şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatı proqramı barədə məlumat verib. Postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən geniş miqyaslı sosial dəstək tədbirlərini diqqətə çatdırıb.
Qurum tərəfindən aparılan işlərdə, habelə ictimai iştirakçılığın və ictimai nəzarətin təmin olunmasında vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, birgə layihələrin icra təcrübəsinin olduğu vurğulanıb.
Görüşdə şəhid ailələri və qazilərlə, əlillərlə bağlı icra olunan sosial müdafiə proqramlarına dair fikir mübadiləsi aparılıb. İctimai birliklərin rəhbərlərinin rəy və təklifləri dinlənilib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.