Press "Enter" to skip to content

Qazaxıstanlı deputat Azərbaycanın haqq davasına dəstək verdi

Bayraqdar.info – Qazaxıstan Məclisinin deputatı Əbülfəz Xamedov Kəlbəcərdə vəzifəsini icra edərkən həlak olmuş jurnalistlərin və dövlət rəsmisinin yaxınlarına başsağlığı verib.

Bu haqda bayraqdar.info-ya Orta Asiyadakı media tərəfdaşı Golden Bridge News xəbər verib.

Qazaxıstanlı deputat, “Yaralananların isə tez bir zamanda sağalmasını diləyirik”, – deyə əlavə edib.

Ə.Xamedov daha sonra bildirib: “Qazaxıstan həmişə Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyib. Bunu istər Elbası Nursultan Nazarbayev, istərsə də prezident Qasım-Jomart Toqayev dəfələrlə bildirərib. Onlar münaqişənin sülh yolu ilə həllinə tərəfdar olmaqla Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymayan Qarabağın bölücü rejimi və Ermənistanın Azərbaycana qarşı müharibəsi, terrorçuluq hərəkətləri davam edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzun illərdir məsələnin sülh yolu ilə həllinə dair dəfələrlə etdiyi təklifləri qulaqardına vuran erməni qüvvələri havadarlarının dəstəyinə arxalanır. Onlar Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlamağa, təxribatlar törətməyə, vandallıq etməyə, yaşayış məntəqələrini yer üzündən silməyə davam ediblər. Nəhayət, səbir kasası daşırılan Azərbaycan 30 il boyunca əsir qalan əzəli torpaqlarını 44 gündə düşmən işğalından azad edərək tarix yazmalı oldu.

İkinci Vətən müharibəsinin zəfərlə başa çatmasına baxmayaraq hiyləgər və mənfur düşmən geri çəkildiyi əraziləri minalayıb. Bununla da o çirkin planlarını həyata keçirməkdədir. Dəfələrlə Azərbaycan dövlətinin dünyanın aparıcı dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət etməsinə baxmayaraq Ermənistan tərəfi minalı ərazilərin xəritəsini verməkdən hələ də imtina edir. Nəticədə dinc sakinlər, bölgəyə səfər edən media nümayəndələri erməni hiyləsinin qurbanına çevrilir. Bir Azərbaycanlı kimi toplumumuzla birlikdə mənfur düşmənimizin bədniyyət əməllərini pisləyir, dünya təşkilatlarını minalanmış ərazilərin xəritəsini Ermənistandan tələb etməyə çağırır və ikili standartlara son qoyulmasını istəyirik”.

Əlavə edək ki, Ə.Xamedov eyni zamanda Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədridir.

Mission News Theme by Compete Themes.