Press "Enter" to skip to content

Hulusi Kılıç: Ermənistan sanmasın ki, cinayətləri sonsuzadək cəzasız qalacaq

Son yeniləmə: 5 İyun 2021 13:59

“Beynəlxalq birlik zaman itirmədən mina xəritələrinin Azərbaycana verilməsi üçün Ermənistana təzyiq etməlidir”

Bayraqdar.info – “İyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda baş vermiş faciəvi hadisə bizi çox sarsıtdı. Mən minaya düşərək şəhid olan Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun və AzərTAC-ın müxbiri Məhərrəm İbrahimovun ailələrinə baş sağlığı verirəm.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib. Keçmiş səfir bu faciənin səbəbkarının cinayətkar Ermənistan hakimiyyətinin olduğunu bildirb: “Bu faciə, azərbaycanlı jurnalistlərin şəhid olması bir həqiqəti növbəti dəfə ortaya qoydu: Ermənistan insanlığa qarşı cinayətlər törətməkdə davam edir. Nə qədər ki, dünya birliyi Ermənistanın müharibə cinayətlərinə səssiz qalacaq bu cür faciələr davam edəcək. Yəni beynəlxalq birlik vaxt itirmədən mina xəritələrinin Azərbaycana verilməsi üçün Ermənistana təzyiq etməlidir. Beynəlxalq birlik bu terror cinayətlərinə səssiz qalmaqla, əslində Ermənistanın cinayətlərinə ortaq olur”.

H.Kılıç bildirib ki, əslində məsələnin uzanması bir tərəfdən də Ermənistanın bir dövlət olaraq öz əleyhinə işləyir: “Bilirik ki, bu günə kimi bütün müharibə cinayətlərinə görə beynəlxalq hərbi məhkəmələr, hərbi tribunallar qurulub. Yəni gec, yaxud tez müharibə cinayətləri törətmiş dövlətlər beynəlxalq məhkəməyə çəkilir. Həmçinin o cinayətlərin altında imzası olan hərbi və siyasi rəhbərlər müvafiq cəzaya məhkum edilir. Bu baxımdan Ermənistan rəhbərliyinin cinayətkar inadkarlığı sonda bu dövlətin başında çatlayacaq”.

Keçmiş səfir deyib ki, Ermənsitan rəhbərliyi düşünməsin ki, bu cinayətlər sonsuza qədər cəzasız qalacaq: “Bir vaxtlar onlar Azərbaycan torpaqlarının, Şuşanın daha heç zaman Azərbaycanın olmayacağını iddia edirdilər. Amma nə oldu? Bu gün müzəffər Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində azad olunan Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı bütün dünyaya səs saldı. Bütün bunları xatırlatmaqla mən Ermənistan hakimiyyətini ağla dəvət edirəm. Ağıllarını başlarına toplasınlar. Əks halda, yəni terror dövləti olmaqda davam edəcəkləri təqdirdə onları yaxşı gələcək gözləmir” .

Mission News Theme by Compete Themes.