Bayraqdar.info – Dövlət başçısının müvafiq Sərəncamına əsasən bu il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 3 minədək mənzil və fərdi ev verilməsi planlaşdırılıb. Onlardan artıq 500-ü təqdim edilib. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması tədbirində bildirilib.
Mərasimdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov çıxış edib. O, Sərəncama əsasən, yaxın beş ildə bu kateqoriyadan olan 11 min vətəndaşın mənzil və fərdi evlə təmin olunacağını vurğulayıb. Qeyd edilib ki, ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9 min 700 mənzil və fərdi ev verilib.
Tədbirdə həmçinin Milli QHT Forumunun prezidenti Rauf Zeyni və “Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyi”nin sədri Şəmistan Əlizamanlı da çıxış edib. Natiqlər postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı geniş miqyas alan sosial dəstək tədbirlərindən bəhs ediblər. Ölkədə həssas əhali qruplarına dövlət qayğısının əyani təzahürü olan bu tədbirlərin ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığı diqqətə çatdırılıb.
Mənzillərlə təmin olunan vətəndaşlar göstərilən yüksək qayğıya və mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.