Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Az.TV-nin əməkdaşı – operator Sirac Abışov və AzərTAC-ın müxbiri Məhərrəm İbrahimov iyunun 4-ü günün birinci yarısı Kəlbəcərin Susuzluq kəndində minaya düşərək həlak olub. Media işçiləri Kəlbəcərdə çəkilişlər aparırmışlar.
Onların olduğu “KaMAZ” markalı avtomobil ermənilərin basdırdığı minaya düşərək partlayıb. Hər iki əməkdaş iş başında olublar. Onlardan başqa Az.TV-nin rejissoru Emin Məmmədov və maşının sürücüsü yaralanıb, kənd icra nümayəndəsinin müavini Arif Əliyev də həlak olub.
Hadisə ilə bağlı Azərbaycan Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı (JuHi), Beynəlxalq Avrasiya Mətbuat Fondu beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi, Baş Prokurorluq, Ombdusman və digər qurumlar da beynəlxalq təşkilatlara müraciətlər ediblər.
Xarici İşlər Nazirliyinin müraciətində deyilir ki, “Kəlbəcərdə baş verən bu hadisə onu göstərir ki, ərazidəki minalar Ermənistan tərəfindən, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır. Mülki azərbaycanlıların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür”.
XİN beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırıb. “Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq”. – deyə müraciətdə vurgulanır.
Hadisə ilə bağlı Azərbaycanın Baş Prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarına müraciət edib. Həmçinin, o, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı, Amnesty International və Human Rights Watch təşkilatlarına rəsmi müraciət ünvanlayıb. Baş Prokuror Ermənistanın mina xəritələrini təqdim etməkdən imtinasını İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci, 1 saylı Protokolunun 1-ci, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrinin ciddi şəkildə pozuntusu kimi diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xidməti vəzifələrini yerinə yetirərkən həlak olan media işçilərinə şəhid statusunun veriləcəyi bildirilib.
Həlak olan jurnalistlərin xatirəsini yad etmək üçün media işçiləri və QHT rəhbərləri Az.TV-nin qarşısına toplaşaraq gül dəstələri gətiriblər.
Məsələyə JuHİ sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də münasibət bildirib.
“Hadisə ilə bağlı Mətbuat Şurası, JuHi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və başqa jurnalist təşkilatları beynəlxalq təşkilatlara müraciət edib. 30 ilə yaxındır ki, biz Ermənistanla münaqişə şəraitində yaşayırıq. İndiyə qədər orta hesabla bizim 20-yə yaxın həmkarımız cəbhə bölgəsində peşə fəaliyyətini yerinə yetirərkən həlak olub. Onların əksəriyyəti peşəkar jurnalistlər idi, təhlükəsizlik qaydalarını da bilirdilər və riayət edirdilər. Cəbhə bölgəsində işləyən jurnalistlər xüsusi uniformada olur və düşmən də bunu görür. Ona görə də biz düşməni qınamaqla yanaşı, həm də işimizi ehtiyatlı tutmalıyıq və təxribatlara da hazır olmalıyıq”, – deyə o sualı cavablayıb.
Hazırlıqlardan birinin də beynəlxalq təşşkilatların hazırladığı statuslardan istifadə etmək oldugunu qeyd edən M.Ələsgərli bildirdi ki, Beynəlxalq Jurnalistlər Federasiyası beynəlxaq vəsiqəsini təqdim edir.
“Onları məlumatlandırdıq. Bu media vəsiqələrinin əsas üstünlüklərindən biri də riskli bölgələrdə fəaliyyət göstərən jurnalistlər üçündür. Həmin təşkilatın üzvü olan şəxslər riskli bölgələrdə problemlərlə qarşılaşanda, girov götürüləndə, əsir düşəndə, həyatlarını itirəndə onlara dərhal beynəlxalq diqqət çəkirlər. Onlar avtomatik olaraq beynəlxalq təşkilatların hesabatlarına salınır, haqlarının bərpa olunması üçün prosedurlar başladılır və s. O baxımdan mən jurnalist həmkarlarımıza müraciət etmək istəyirəm. Onlar təhlükəsizlik qaydaları ilə tanış olmaqla yanaşı, həm də beynəlxalq sahədə bu cür riskli bölgədə işləyən jurnalistlər üçün müəyyən edilmiş statusları da almaqda maraqlı olsunlar. Bu cür ekstremal vəziyyətlərdə də o hüquqlardan istifadə edə bilsinlər. Konkret olaraq, BJF və onun yerli jurnalist təşkilatı olan JuHİ tərəfindən verilən beynəlxalq media vəsiqələrini əldə etməyə çalışsınlar ki, bu cür durumlarda da onların hüquqlarını müdafiə etmək asan olsun”, – deyə M.Ələsgərli qeyd edib.
Bütün bunlarla bərabər M.Ələsgərli bildirib ki, istənilən halda təhlükəsizlik tədbirləri öndə gəlməlidir. Lakin hadisə baş verib və jurnalist həlak olubsa, əlbəttə, bunun da əmək qanunvericiliyi çərçivəsində dəyərləndirilməsi vacibdir.
Əlavə edək ki, iyunun 4-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsüylə 120-dən çox media təmsilçisi toplantı keçirib, hadisəylə bağlı beynəlxalq qurumlara müraciət edib.
Bundan başqa sosial media fəalları artıq dünyanın hər tərəfindəki insan hüquqları təşkilatlarını hərəkətə keçməyə çağırır. Təəssüflər olsun ki, o qurumlar bu məsələdə həmişə olduğu qədər çevik davranmamaqdadır…
Redaktə və əlavələr: Azər Həsrət