Press "Enter" to skip to content

Formula-1 Azərbaycan Qran-Pri yarışı başlayır

Son yeniləmə: 4 İyun 2021 10:09

Bayraqdar.info – İyunun 4-də Bakıda Formula-1 üzrə dünya çempionatının altıncı – Azərbaycan Qran-Pri yarışları başlayacaq.

10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.

Bayraqdar.info Bakı Şəhər Halqasına istinadla bildirir ki, iyunun 4-də Formula-1 və Formula-2 üzrə sərbəst yürüşlər təşkil olunacaq.

İyunun 5-də Formula-1 üzrə sərbəst və sıralama yürüşü, Formula-2 üzrə isə birinci yarış keçiriləcək.

Nəhayət, sonuncu gün – iyunun 6-da Formula-1 Azərbaycan Qran-Prisi, həmçinin Formula-2 üzrə ikinci yürüş baş tutacaq.

Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.

Nadir xüsusiyyətlərə malik Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı treki rahat izləyə bilsinlər. Həmçinin, onlar UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.

Layihənin müəllifi bütün müasir Formula-1 treklərinin memarı olan Herman Tilkedir.

Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqama xüsusi diqqət yetiriblər. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əksi istiqamətində olacaq.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Mission News Theme by Compete Themes.