Biz də şəhid ailəsi və ya qazi adından sui-istiadə edərək, bütün görülən işləri gözdən salmağa çalışanlara qarşı mübarizədə dövlətin yanında olmalıyıq
Bayraqdar.info – 2020-ci ilin 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində torpaqlarımız düşmən işğalından azad edildi. Hazırda isə həmin müqəddəs müharibədə şəhid olanların ailələrinin, həmçinin qazilərin problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Bu kontekstdə “YAŞAT” Fondu da önəmli rol oynayır.
Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondu bır sıra layihələr gerçəkləşdirir. Fondun həyata keçirdiyi layihələrdən biri də məhz 27 sentyabrdan sonra dünyaya gələn şəhid övladları ilə əlaqəlidir.
Bu günə kimi 93 şəhid övladı dünyaya gəlib
Bu barədə bayraqdar.info-ya məlumat verən “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov öncə onu deyib ki, 27 sentyabrdan iyunun 3-nə kimi 93 şəhid övladı dünyaya gəlib və layihə onların hər birinə şamil olunub: “Layihəyə əsasən yeni doğulmuş körpənin ilkin ehtiyaclarının qarşılanması üçün ananın hesabına min manat vəsait köçürülür. Eyni zamanda, körpənin adına bankda depozit hesab açılır və 5 min manat depozit həmin hesaba yerləşdirilir. Şəxsin, yəni şəhid övladının 18 yaşı olana qədər bu 5 min manatın faizləri hesablanaraq üzərinə əlavə olunur. 18 yaşı tamam olandan sonra həmin şəxs o vəsaiti götürüb istədiyi istiqamət üzrə xərcləyə biləcək”.
Ümumiyyətlə, şəhid ailələri, müharibə əlilləri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. O cümlədən onların mənzillə təminatı işləri aparılır. Bunu isə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Qeyd olunub ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir: “Prezident İlham Əliyevin tapşırığına əsasən, bu istiqamətdə tədbirlər ildən-ilə gücləndirilir. Mühüm sosial proqramlardan biri kimi, şəhid ailələrinin və müharibə əlillərinin dövlət tərəfindən mənzillə təminatı həyata keçirilir. İndiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9 min 670 mənzil və fərdi ev verilib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib”.
Şəhidlərimizin əmanətlərinə dövlət sahib çıxır
Fazil Talıbov deyib ki, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin də bu ilin ilk aylarından mənzillə təminatı həyata keçirilir: “Şəhidlərimizin ailə üzvləri, o cümlədən uşaqları mənzillə təmin edilməklə yanaşı, onların digər istiqamətlərdə də sosial müdafiəsi işləri aparılır. Şəhid hərbi qulluqçunun ailəsinə 11 min manat məbləğində sığorta ödənişi həyata keçirilir. Şəhid ailələri Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (500 manat) ilə təmin olunurlar. Şəhid ailəsi üzvlərinin əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanaraq artırılır. Şəhidin ailə üzvlərinə, habelə uşaqlarına pensiya və ya müavinətlər təyin edilir”.
Həmçinin şəhid ailələrinin övladları dövlət ali və orta ixtisas təhsili müəssisələrində, AMEA-nın müəyyən etdiyi elmi təşkilatlarda ödənişli formada təhsil alarkən təhsil haqqını ödəməkdən azad olunurlar.
Bundan başqa aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və və s.) da şəhid ailəsi üzvlərinə üstünlük verilir.
Yüksək tibbi yardım təşkil edilib
Bunlarla yanaşı, Azərbaycan dövləti tərəfindən müharibə əlillərinin normal həyata qayıtmalarının təmin olunması istiqamətində də ardıcıl tədbirlər görülür. Bu məqamda xatırladaq ki, bu il fevralın 25-də Prezident İlham Əliyevin iştirakı ilə Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərindən əziyyət çəkənlərə xidmət göstərilir. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır. Ümumiyyətlə, son iki ildə ölkə üzrə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq istifadəyə verilib. Respublikamızda ötən ilin dekabrından müharibə əlillərinin yüksək texnologiyalı protezlərlə təminatı işləri aparılır.
Şəhid və qazi adından sui-istifadə
Göründüyü kimi Azərbaycan dövləti şəhid ailələrinin və qazilərin problemlərinin həlli üçün lazım olan bütün addmları atır. Şəhid ailələri və qazilər şəxsən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Dövlətimiz hətta hələ dünyaya gəlməmiş şəhid övladının belə qayğısına qalır (“YAŞAT” Fondunun layihələri timsalında), onun sabahını düşünür. Lakin təəssüflər olsun ki, bütün bu işlərə kölgə salanlar, yaxud buna cəhd edənlər də tapılır. Bəzi adamlar şəhid ailəsi və ya qazi adından sui-istiadə edərək bütün görülən işləri gözdən salmağa çalışır. Halbuki onların şəhid ailələri, yaxud qazilərlə yaxından-uzaqdan heç bir yaxınlığı yoxdur. Hesab edirik ki, bu cür bəd niyyətli adamlara qarşı mübarizədə cəmiyyət də fəallıq göstərməlidir.