Bayraqdar.info – Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan bu mühüm vəzifəni icra edərkən Bandung prinsiplərinə sadiq olduğunu bir daha təsdiq edib. Qoşulmama Hərəkatı bu gün dünyada yeni çağırışların ortaya çıxdığını təsdiqləyir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Qoşulmama Hərəkatı Əmək Nazirlərinin videokonfransındakı çıxışında bildirib.
Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) 109-cu sessiyası çərçivəsində keçirilən videokonfransda bır sıra məsələlər müzakirə olunub.
Nazir BMT prinsiplərinə və bu mühüm tədbirə qoşulduqlarına görə iştirakçılara minnətdarlığını ifadə edib. BƏT-in layiqli əmək konsepsiyasına əsaslanan davamlı inkişafın təşviqinə həsr olunmuş konfransdakı çıxışında nazir COVID-19-la aparılan mübarizə məsələsinə də toxunub.
Nazir Azərbaycanın pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərini davam etdirdiyini bildirib. Çıxışda Azərbaycan hökumətinin pandemiya ilə mübarizə istiqamətində atdığı addımlar da diqqətə çatdırılıb.
S.Babayev Azərbaycanda iqtisadi proseslər fonunda investisiya və işgüzar mühitin daha da yaxşılaşdırılması üçün atılan addımlardan danışıb. Həmçinin sahibkarlıq imkanlarının genişləndirilməsi, yerli biznesə dəstəyin gücləndirilməsi üçün görülən mühüm tədbirləri, sosial islahatları diqqətə çatdırıb. Sosial xidmətləri vahid platformadan şəffaf və səmərəli şəkildə təqdim etmək üçün yaradılan DOST mərkəzləri barədə məlumat verib. Ölkəmizdə ilk dəfə pensiyaların avtomatik təyinatı mexanizminə keçilməsinin sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və müasirləşməsinə yardım edən nailiyyətlər olduğunu vurğulayıb. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək bazarında bacarıqların təkmilləşdirilməsi, məşğulluq və gender bərabərliyinin təminatı, özünüməşğulluğun inkişafı məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib.
Nazir çıxışında 44 günlük Vətən müharibəsi barədə də geniş məlumat verib. Azad edilmiş ərazilərdə bütün lazımi insan və maliyyə mənbələri təmin edilməklə tam yenidənqurma və bərpa işlərinə başlandığını vurğulayıb.
Konfransda BƏT-in Baş direktoru Gay Rayderin çıxışı dinlənilib. Qoşulmama Hərəkatı ölkələrinin aidiyyəti qurumlarının rəhbər şəxslərinin iştirakı ilə müzakirələr aparılıb.
Konfransın sonunda Qoşulmama Hərəkatı Əmək Nazirlərinin Bəyannaməsi qəbul olunacaq.