Bayraqdar.info – Perunun nüfuzlu “Radio Filarmonia” kanalında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 103-cü ildönümünə həsr olunmuş musiqi proqramı efirə gedib.
Bu barədə bayraqdar.info-ya ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, proqramın əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib. Sonra ölkəmizin Perudakı diplomatik nümayəndəliyinin əməkdaşı Xalq Cümhuriyyətinin yaranması, inkişaf tarixi və dövlət quruculuğu sahəsindəki nailiyyətləri haqda dinləyicilərə məlumat verib.
Həmçinin müasir Azərbaycanın iqtisadi uğurları, ötən il Vətən müharibəsindəki qələbəsi və azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri haqda danışılıb.
Daha sonra dinləyicilərə ölkəmizin qədim mədəniyyət ənənələri, musiqisi, ədəbiyyatı və digər incəsənət sahələri haqda məlumat verilib. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu ilin ölkədə “Nizami Gəncəvi ili” elan olunduğu bildirilib.
Ardınca 28 il sonra işğaldan azad edilmiş Şuşa şəhərinin ölkəmizin mədəniyyət tarixindəki müstəsna rolu haqda məlumat verilib. Bir neçə həftə öncə burada möhtəşəm beynəlxalq “Xarıbülbül” musiqi festivalının keçirildiyi söylənilib.
Proqram ərzində və gün boyu adı çəkilən mədəniyyət kanalında Azərbaycanın klassik musiqi nümunələri, müasir bəstəkarlarımızın kompozisiyaları, muğam və caz nömrələri verilib. Habelə Azərbaycan və Latın Amerikası musiqiçilərinin birgə ifaları səsləndirilib.