Bayraqdar.info – Yeni “Əlilliyin müəyyən olunması meyarları”nın hazırlanmasında əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir.
Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bu meyarlar eyni zamanda digər baxımdan da önəmlidir. Yəni, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə imkan yaranacaq. Həmçinin, bu meyarlar xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir.
Qeyd edək ki, ƏƏSMN tərəfindən yeni “Əlilliyin müəyyən olunması meyarları” ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi Milli Məclisə təqdim edilib. Sənəd ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyib.
Yeni meyarların gələn ildən tətbiq olunması nəzərdə tutulub. Bu meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə təyin olunmayacaq. Orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq. Yəni,
I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi,
II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi,
III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi
kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanlarının məhdudluğu da bu əsasda təyin olunacaq.
Əlilliyin qiymətləndirilməsi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.
Qüvvədə olan 94 normativ hüquqi akt bu dəyişikliklərə uyğunlaşdırılacaq. O cümlədən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.