Press "Enter" to skip to content

Sabir Rüstəmxanlıdan qəzet köşkləri ilə bağlı ağrılı fikirlər

Bayraqdar.info – Azərbaycanın Xalq şairi, Milli Məclisin deputatı və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Bakının küçələrindəki qəzet köşkləri haqqında narahatlıq dolu fikirlərini paylaşıb.

Sosial mediada paylaşılan fikirlərin önəmini nəzərə alaraq biz də oxucularımıza təqdim etmək qərarına gəldik. İrəli qaçaraq bildirmək istərdik ki, şair fikrində olduqca haqlıdır və bu məsələ tezliklə həllini tapmalıdır.

Beləliklə, S.Rüstəmxanlı yazır:

“Hər şeyi cahilcəsinə özgələşdirməyi xoşlayırıq…

Ailədən başlanır: Anaya – mama, ataya – papa deyənlər daha intellektual, üst təbəqənin adamı olduqlarını düşünürlər. Beləcə, hamımızın gözünün qabağında Bakının bütün Mətbuat və ya Qəzet köşkləri, dönüb olub Press-kiosk…

Vaxti ilə, Bakıda kitab dükanları necə gəldi özəlləşdirilib yox ediləndə Prezident Administrasiyasına narazılıq məktubu yazmış və kitablarımızın oxucuya çardırılması üçün bir çarə kimi, qəzet köşklərinin böyüdülüb modernləşdirilməsi və qəzet-kitab köşkünə çevrilməsini təklif etmişdim.

Az sonra bu təklif həyata keçirildi. (Bəlkə də öz ağıllarına gəlmişdi.)

Bakının küçələrində yeni, daha uyğun köşklər qoyuldu… Lakin bunlar Qəzet köşkü olmadı, Mini market oldu.

İndi bu marketlərə yanaşıb soruşuram: Sizdə “Azərbaycan” jurnalı var? Cavab verirlər yoxdur.

Bəs “Ulduz” jurnalı, “Literaturnıy Azerbaydjan”, “Qanun”, “Xəzər” jurnalları? “Heç biri yoxdur, biz jurnal almırıq və satmırıq”.

Bəzi köşklərdə, mənim kitab arzum bir yana, heç qəzet də satılmır.

Mətbuatdan başqa hər şey var burda, siqaretdən tutmuş, saqqıza, suya, kolbasaya, oyuncağa qədər…

“Ay bala, bəs sənin adın Mətbuat köşküdür!” Başını qaldırıb təəccüblə başının üstünə baxır… Allah bilir, bəziləri bəlkə heç mənasını da anlamır; elə bilirlər ki, bu yerlər əlinə nə keçdı presləyib camaata sırımaqdan ötrüdür…

Bəlkə xalq bu kiosklardan tamamilə imtina etsin, “bizə bu antisanitariya şəraitində əlinə nə keçdi camaata sırıyan “kiosklar” lazim deyil, bizim “Qəzet-jurnal köşkərimizi qaytarın!” desin?! Məlumat üçün deyim ki, bəzi ölkələrdə yeni kitab və qəzetlər bütün ərzaq mağazalarında da satılır…”

Mission News Theme by Compete Themes.