Press "Enter" to skip to content

Ruslar tariximizi saxtalaşdırır, Azərbaycan diplomatiyası isə yatır

Azər Həsrət

Biz yazırıq. Ruslar vecinə də almır. Almamaları anlaşılandır. Onların məqsədi, məramı bizə görə deyil ki. Ruslar Qafqaza, özəlliklə də Azərbaycana həmişə istismar ediləcək bir coğrafiya kimi baxıblar. Bu gün də elə baxırlar.

Qarabağda yerləşən “sülhməramlı” ruslar da istisna deyil. Qapımızı açıb adamları içəri buraxdıq, üz göstərdik, mehribanlıq edib inandıq. Onlarsa xislətlərindən heç vaz keçməmiş kimi görünürlər.

“Sülhməramlılar” açıq və ya gizli şəkildə ermənilərə biət etmiş kimi davranırlar. Dəfələrlə yazmışıq, demişik. Lakin dəyişən bir şey yox.

Biz yazmışdıq bir dəfə. Rus “sülhməramlıları” mandatlarından kənara çıxırlar. Bir çox məsələlərdə. Lakin Azərbaycan dövləti humanizm xatirinə bəzən onların bəzi əməllərinə çox da bənd olmur.

Bu “sülhməramlılar” da hədlərini aşaraq hətta Azərbaycan tarixini saxtalaşdırma işində ermənilərlə bir sırada dururlar.

Aprelin 7-də “Rus sülhməramlıları Qarabağı “qədim Ermənistan” kimi qələmə verdi” adlı bir yazı yazmışdıq. Yazıda, Xocavənd rayonu ərazisində yerləşən Amaras monastrının ruslar tərəfindən “qədim Ermənistan abidəsi” kimi təqdim edildiyinə diqqət çəkmişdik.

Bu məsələylə bağlı müvafiq qurumları da məlumatlandırmışdıq. Lakin təəssüflər olsun ki, heç bir nəticə hasil olmayınca mayın 5-də daha bir yazı yazmalı olduq: “Etibarsız Rusiya və məsuliyyətsiz Azərbaycan diplomatiyası”.

Aradan demək olar ki, daha bir ay keçib və na yazıq ki, Azərbaycan diplomatiyasının bu yöndə fəaliyyəti sıfırdır! Yəni hər hansı addım atılmır və ya cəhd belə edilmir! Edilibsə də bu haqda ictimaiyyət məlumatlandırılmır.

İş bununla da bitmir. Mayın 31-də rus “sülhməramlılar” yenə də Azərbaycan tarixini saxtalaşdıran xəbər yayıblar. Əslində yeni bir şey deyil. Sadəcə təkrardan Amarası Ermənistana aid yer kimi təqdim ediblər.

Yenə də tariximizi saxtalaşdırdılar

“Амарас является одним из раннесредневековых христианских монастырей и расположен на территории Мартунинского района. В средневековой Армении имел статус известного религиозного и культурного центра.”

“Amaras erkən orta yüzillərə aid xristian monastrlarından biridir və Martuni rayonu ərazisində yerləşir. Orta yüzillər Ermənistanında məşhur dini və mədəni mərkəz statusuna sahib olub.”

Yəni adamlar növbəti dəfə açıq mətnlə yazır ki, Amaras qədim Ermənistan ərazisidir. Bu isə o deməkdir ki, rus “sülhməramlılar” Qarabağın tam da ortasında yerləşən bu məkanı Ermənistan hesab edir.

Bir daha deyirik, işimiz ruslarla deyil. Zatən onların dövlətinin etibarsız və yırtıcı olması bilinən bir gerçəkdir. Sözümüz özümüzədir. Bizim diplomatiyamız, uyğun dövlət qurumlarımız bu məsələni niyə belə görməzlikdən gəlirlər? Üstəlik də biz ictimailəşdirmişik, üzərinə gedilməsi üçün əsaslar da var.

Belə anlaşılır ki, Azərbaycanın başına gələn bəlaların çoxunun səbəbkarı özümüzük. Vaxtında reaksiya vermirik, tələb etmirik, sonra da başlayırıq təkzib eləməyə. Ona qədərsə qatar getmiş olur. O baxımdan çox istərdik ki, bizim baş diplomatımız Ceyhun Bayramov başda olmaqla müvafiq vəzifəlilər hərəkətə keçsin.

Eyni zamanda bir təklifimizi təkrarlamalı oluruq: rusların media fəaliyyətinin monitorinqi uyğun olaraq Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası tərəfindən aparılsın. Kim bilir, hələ bizim gözümüzdən qaçmış nə qədər saxta tarixlər yazır bu etibarsız ruslar!

Mission News Theme by Compete Themes.