Son yeniləmə: 3 İyun 2021 20:23
Bayraqdar.info – Bu il Azərbaycanla Serbiyanın ticarət dövriyyəsində 3 dəfəyə yaxın artım qeydə alınıb. Bu, iki ölkə arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlığın növbəti müsbət nəticəsi kimi dəyərləndirilə bilər. İkitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, bunu nazir Sahil Babayev bu gün Serbiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Dragan Vladisavliyeviçlə görüşdə deyib.
Xatırladaq ki, S.Babayev həm də Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədridir.
Nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər barədə danışıb. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın işğalından azad edildiyini vurğulayıb. İşğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərimizdə aparılan böyük quruculuq işlərini diqqətə çatdırıb. O, dost ölkələrin şirkətləri kimi Serbiya şirkətlərinin də həmin ərazilərdə aparılan yenidənqurma işlərində fəal iştirak edəcəyinə əminliyini ifadə edib.
2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı barədə də danışılıb. Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin faydalı əməkdaşlıq və qarşılıqlı dəstək nümayiş etdirmələrinin məmnunluq doğurduğunu bildirib.
Nazir Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətindən bəhs edib. Komissiyanın Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı iclasında da ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün əsas prioritetlərin müzakirə mövzusu olacağını deyib.
D.Vladisavliyeviç Serbiyanın Azərbaycana dost münasibətini, ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini vurğulayıb. Ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin daha da genişlənməsi üçün öz töhfələrini verməyə çalışacağını diqqətə çatdırıb.
Görüşdə Azərbaycanla Serbiya arasında iqtisadi, sosial, elm, mədəni, humanitar əlaqələrin genişləndirilməsi işlərinə və gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.