Press "Enter" to skip to content

“Maqsud Şeyxzadə: azadlığa can atan şair” filmi gəlir

Bayraqdar.info – “ÖzbəkKino” Milli Agentliyinin sifarişi ilə “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı sənədli filmin çəkilişinə başlanılıb.

Xəbər bayraqdar.info-ya Azərbaycan Kinematoqrafçılar İttifaqından verilib.

Özbəkistanın “First Art Media” şirkəti, Daşkənddəki H.Əliyev ad. Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan və Azərbaycan TV-lərinin dəstəyi ilə hazırlanan sənədli filmlə bağlı artıq müəyyən işlər görülüb. Özbəkistanda bir sıra çəkilişlər aparılıb.

Xəbərdə deyilir ki, Özbəkistanın tanınmış klassik şair və yazıçıları haqqında sənədli və bədii filmlərin çəkilməsi işinə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə başlanılıb.

“Özbək ədəbiyyatının Şekspiri”

Maqsud Şeyxzadəni “Özbək ədəbiyyatının Şekspiri” adlandırırlar. O, 1908-ci il noyabrın 7-də Ağdaşda – Azərbaycanda anadan olub.

Atası Məsim Şeyxzadənin Ağdaşda açdığı məktəbdə təhsil alıb. O dövrdə Nəriman Nərimanov həmin məktəbə gəlibmiş.

Daha sonra mərkəzə gələrək Bakı Pedaqoji Məktəbində təhsil alan M.Şeyxzadənin müəllimləri Hüseyn Cavid və Abdulla Şaiq olub. Maqsud onlardan Vətən, millət, ədəbiyyat eşqi və türklüyün gerçək üzünü öyrənir. Sonralar Özbəkistanda yaşayanda “Mirzə Uluqbəy” əsərini qələmə alarkən H.Cavidin ona olan təsirindən də söz açır.

Məktəbi bitirən kimi Dərbəndə göndərilir. Orada həm müəllimlik edir, həm də şeirlər yazır. Qəzetlərdə “Azad dağlar qızına”, “Şeyx Şamil”, “Bu axşam” və “Sahildə” adlı şeirləri dərc olunur. Dərbənddə yaşadığı vaxtlarda tez-tez Bakıya da gəlirmiş.

M.Şeyxzadə Vladimir Mayakovski, Nazim Hikmət kimi şairlərlə tanış olub.

1927-ci ildə Dağıstanın Sovet İttifaqına daxil olub-olmaması mövzusunda aparılan müzakirələrin ən fəal iştirakçılarından biri də M.Şeyxzadə olur. Çox keçmir ki, Stalinin cəlladları tərəfindən ona milliyyətçi damğası vuraraq həbsə atırlar. Sonra isə sürgün edilib. M.Şeyxzadəyə türklüyün odlu, alovlu müdafiəçilərinin yaşadığı Krım və Qafqaza getmək qadağan olunur. Atası onu Özbəkistanın paytaxtı Daşkəndə göndərir.

M.Şeyxzadə Daşkənddə ətrafına özü kimi düşünən insanları toplayır və mübarizəsini davam etdirir. Bir müddət “Qızıl Özbəkistan”, “Şərq həqiqəti” və “Leninçi” qəzetlərində işləyən şair-dramaturq 1938-ci ildə yenidən müəllimlik etməyə başlayır.

O, Nizami ad. Daşkənd Pedaqoji İnstitutunda dərs deyir və ən gözəl əsərlərini bu şəhərdə yazır. “Üçüncü kitab”, “Cümhuriyyət”, “Cəlaləddin Mengüberdi” kimi əsərləri özbək türkcəsində nəşr olunur.

Onu 1952-ci ildə yenidən millətçilikdə günahlandıraraq həbs edirlər. Daşkənd məhkəməsi ona 25 il həbs cəzası kəsir və Sibirə göndərilir.

Stalin ölən kimi M.Şeyxzadənin anası Fatma xanım SSRİ Ali Sovetinin Rəyasət Heyətinə oğlunun əfv olunması üçün məktub göndərir.

1954-cü ildə o, azad edilir.

Amma Daşkənd artıq köhnə Daşkənd deyildi. Bütün dostları ondan uzaq gəzməyə başlayır. Bir-iki dostundan başqa heç kəs ona salam vermir, hətta yazdığı əsərlərin qəzet və dərgilərdə yayımlanmaması üçün əllərindən gələni edirlər.

Nikita Xruşovun məşhur çıxışından sonra vəziyyət dəyişir və M.Şeyxzadə köhnə vaxtlardakı kimi ədəbiyyat sahəsində görünməyə başlayır. O, böyük sevinc içində “Daşkəndnamə” adlı əsər yazır. Bu əsər dərc edildikdən sonra böyük əks-səda doğurur.

1958-ci ildə Daşkənddə təşkil olunmuş Asiya və Afrika Yazıçılar Konqresinə qatılan Nazim Hikmət, Əziz Nesin, Melih Cevdet Anday kimi türkiyəli şair və yazıçılarla əlaqə yaradır.

M.Şeyxzadə 1967-ci ildə vəfat edib. Əsərlərində bəzən Uluqbəyə, bəzən də Xarəzm türklərinin məşhur lideri Cəlaləddin Xarəzmşaha müraciət edir. Kitabları həm özbək, həm də Azərbaycan türkcəsində nəşr edilib.

M.Şeyxzadənin “Mirzə Uluqbəy” adlı əsəri ekranlaşdırılıb. Onun əsərləri sonuncu dəfə 1971-1974-cü illərdə altı cild şəklində nəşr olunub.

Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib.

Mission News Theme by Compete Themes.