Bayraqdar.info – Xarici İşlər naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki rəhbəri Hande Harmancını qəbul edib. Tərəflər ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, eləcə də COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib. Ceyhun Bayramov ötən ilin əməkdaşlığımız üçün ciddi çağırış ili olduğunu bildirib.
COVID-19-la mübarizədə Azərbaycan tərəfindən ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə ölkəmizin göstərdiyi yardım və irəli sürdüyü təşəbbüslər qeyd olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq təşkilatlar, o cümlədən Türk Şurası, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizəyə həsr olunan yüksək səviyyəli görüşlərinin keçirildiyi bildirilib. Həmçinin, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırıldığı diqqətə çatdırılıb. Ölkəmizin, həmçinin dünyada peyvəndlərin bərabər və ədalətli bölgüsünü dəstəklədiyi və bu xüsusda, səsimizin beynəlxalq müstəvidə ucaldıldığı vurğulanıb.
Hande Harmancı ÜST-ün Azərbaycanda həyata keçirdiyi layihələr, o cümlədən Azərbaycanın 12 rayonunda regional təlim mərkəzlərinin fəaliyyət göstərməsi barədə danışıb. BMT-nin Vahid Təcili Yardım Fondunun dəstəyi ilə Azərbaycanın münaqişədən zərər çəkmiş 5 rayonunda həyata keçirilən mobil təlim xidmətləri barədə məlumat verib. Həmçinin, köməkçi texnologiyalara ehtiyacı olan insanlarla iş, təcili yardım sistemlərinin gücləndirilməsi və digər istiqamətlərdə görülən işlər barədə bildirib. O, ÜST-ün regional direktorunun yaxın zamanlarda bölgəyə səfərinin nəzərdə tutulduğu barədə məlumat verib.
Nazir Ceyhun Bayramov səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini qeyd edərək regional direktorun bölgəmizə səfərinə önəm verdiyimizi bildirib.
Nazir, həmçinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq fəaliyyəti və gələcək planlarla bağlı həmsöhbətinə məlumat verib. Bərpa layihələrində ÜST və BMT-nin digər qurumlarının iştirakının mümkünlüyünü qeyd edib.
Görüş zamanı tərəflər, habelə Azərbaycanla ÜST arasında potensial əməkdaşlıq sahələri üzrə ümumi fikir mübadiləsi aparıblar.