Son yeniləmə: 3 İyun 2021 20:40
Bayraqdar.info – Aşağı büdcəli aviadaşıyıcı “Buta Airways” iyunun 3-dən Bakıdan Həştərxan şəhərinə xüsusi reyslər həyata keçirməyə başlayıb.
Aviaşirkətdən bildiriblər ki, uçuşlar həftədə bir dəfə – hər cümə axşamı Bakı-Həştərxan-Bakı istiqamətində yerinə yetirilir.
Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat imkanı daxildir.
Qeyd edilən reyslərə biletlər “Buta Airways” aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.
Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunur.