Son yeniləmə: 3 İyun 2021 20:47
Bayraqdar.info – İyunun 3-də İstanbul Metropoliteninin baş direktoru Özgür Soy Bakı Metropolitenində qısamüddətli işgüzar səfərdə olub.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, qonaq Metropoliteninin Təlim-Tədris Mərkəzində QSC-nin sədri Zaur Hüseynovla görüşüb. Görüşdə Metropolitenin digər rəhbər və vəzifəli şəxsləri də iştirak edib.
Özgür Soy Z.Hüseynovun müşayiəti ilə Mərkəzin guşələri, tədris, təlim və trenajor otaqları ilə tanış olub. O, Mərkəzin akademik səviyyədə təşkil edildiyini bildirib və İstanbulda da belə bir Mərkəz qura biləcəklərini deyib.
Qonaga Bakı Metropoliteninin tarixi, son illərdə həyata keçirilmiş irimiqyaslı layihələr barədə məlumatlar verilib. Vaqonların əsaslı təmiri, dəmir-beton konstruksiyaların istehsalat sahəsi, diaqnostika kompleksi, yeni qatarlar və stansiyalar Ö.Soyun xüsusi marağına səbəb olub. O, korporativ sosial məsuliyyət, o cümlədən işçilərin istirahət və asudə vaxtının təşkili, sosial layihələri də təqdirəlayiq hesab edib.
Xəbərdə qeyd edilir ki, təqdimat əsasında İstanbul metrosunun təcrübəsi barədə də fikir mübadiləsi aparılıb. Z.Hüseynov İstanbul metrosunun qabaqcıl təcrübəsindən faydalanmağın mümkünlüyünü bildirib. O, yeni Bənövşəyi xətt və Fransanın “Thales” şirkəti ilə əməkdaşlıq şəraitində tətbiq edilən müasir yeniliklərdən danışıb. Gənc kadrların Kanadanın Toronto, BƏƏ-nin Dubay şəhərləri ilə yanaşı, İstanbul metrosunda da təcrübə mübadiləsi keçdiklərini bildirib.
Daha sonra İstanbul Metropoliteninin baş direktoru Z.Hüseynov başda olmaqla nümayəndə heyətini İstanbul metrosuna dəvət edib.
Görüş “Nərimanov” elektrik deposunda davam edib. Burada ən müasir avadanlıqlarla təchiz edilmiş mərkəzləşmiş məntəqə növbətçisinin, videomüşahidə, işarəvermə avadanlıqları sahələri qonaga göstərilib. Eləcə də depo ərazisində qatarların hərəkətinin təşkilində tətbiq edilmiş yeni sistemlər, deponun funksional fəaliyyəti barədə ətraflı məlumat verilib.
Ö.Soya vaqonların təmiri, qatarların cari baxış və qulluğunun aparıldığı qanovlar və buradakı müasirləşmə tədbirləri barədə də məlumat verilib. Metropoliten infrastrukturunun diaqnostikası kompleksi İstanbul metrosu rəhbərinin diqqətini xüsusilə çəkib.
Xəbərdə deyilir ki, görüşlərdən sonra Ö.Soy bədii-memarlıq kompozisiyası ilə dünya metropolitenlərinin incilərindən hesab edilən “Nizami” stansiyası ilə tanış olub. Səfərin sonunda tərəflər səmimi söhbətlər və müzakirələrin faydalı işbirliyinə yol açdığını vurğulayıblar.