Yücel Karauz: Lazım olanda iki ölkənin silahlı qüvvələrinin tək bir ordu halına gətirilməsi üçün davamlı addımlar atılır
Bayraqdar.info – “Bu gün Bakıda işə başlayan Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq iclası bir çox məqamlara görə mühüm əhəmiyyət kəsb edir. Əvvəla bu, 1992-ci ildən etibarən Türkiyə və Azərbaycan silahlı qüvvələri arasındakı uğurlu əməkdaşlığın hansı yüksək səviyyəyə çatdığnı təsdiqləyir. İkincisi isə bu, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra keçirilən ilk toplantıdır”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
Onun sözlərinə görə, əgər bir dövlət güclü olmaq istəyirsə müasir silah-sursatla təmin edilmiş güclü silahlı qüvvələrə malik olmalıdır: “Bu baxımdan cənab prezidentlər İlham Əliyev və Recep Tayyip Erdoğanın siyası iradəsinə əsasən uğurlu işlər görülür. Yəni lazım olanda iki ölkənin silahlı qüvvələrinin tək bir ordu halına gətirilməsi üçün davamlı addımlar atılır. Bu addımlar nəticəsində Azərbaycanın və Türkiyənin silahlı qüvvələri güclü bir şəkildə həm ölkələrinin təhlükəsizliyini təmin edəcək, həm də Qafqaza sabitlik və sülh gətirəcək. Bu, eyni zamanda qlobal miqyasda sülhə və sabitliyin təmin olunmasına öz töhfəsini verəcək. Bu fəaliyyətlər dosta güvən, düşmənə qorxu gətirəcək. Yəni Azərbaycanın və Türkiyənin maraqlarına qarşı bəd niyyət sərgiləyənlərə də gərəkli bir cavab olacaq”.
“Bir əlin nəsi var, iki əlin səsi var”
Türk general bildirib ki, iclasda Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir: “Həm bu, həm də hərbi inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri barədə müzakirələrin aparılması, o cümlədən gələcəkdə tərəflər arasında hərbi təlimlərin sayının artırılmasının mümkünlüyünün müzakirəsi müsbət məqamlardır. “Bir əlin nəsi var, iki əlin səsi var” atalar sözünün fəlsəfəsindən irəli gələrək Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə fəaliyyəti regiona və dünyaya sabitlik vəd edir. Yəni demək istəyirəm ki, güclü və qalıcı sülhün təmini güclü, hər an müharibəyə hazır silahı qüvvələrə malik olmaqdan keçir”.
Yücel Karauz bu kontekstdə Azərbaycan Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirovun Türkiyəyə səfərini də önəmli adlandırıb.
Xatırladaq ki, səfər çərçivəsində nazir müavini “Anatolian Phoenix-2021” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib. Təlimdə iştirak edən Azərbaycan HHQ-nin hərbi qulluqçuları və Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının peşəkarlıq səviyyəsi təlim rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Yücel Karauz bu səfər zamanı tərəflər arasında bir sıra vacib məqamlarla bağlı razılığın əldə edildiyini deyib.
Əlavə edək ki, az öncə bayraqdar.info iyunun 3-də Bakıda 13-cü Azərbaycan-Türkiyə hərbi dailoqlarının başlaması haqqında xəbər vermişdi.