Press "Enter" to skip to content

Aİ Şurasının Prezidenti Nikol Paşinyanla görüşüb İlham Əliyevə zəng etdi

Bayraqdar.info – Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu haqda xəbəri Prezident Administrasiyasından veriblər.

Tərəflər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluq ifadə edib, bu əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildirib. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin başa çatmasından məmnuniyyət ifadə edilib.

Eyni zamanda bölgəmizdə təhlükəsizlik və sabitlik məsələləri müzakirə olunub.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirdi. Şarl Mişel hər iki tərəfi saxlanılan şəxslər, tam şəffaflıq şəraitində mina və digər humanitar məsələlər üzrə əməkdaşlıq etməyə çağırdı”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu qeyd etdi, lakin Ermənistanın hələ də bu çağırışa cavab vermədiyini bildirdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel hər iki tərəfi konstruktiv mühitdə danışıqlar aparmağa çağırdı”.

Söhbət zamanı tərəflər “Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduqlarını” bildirib. “Həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının əhəmiyyəti vurğulandı və bu xüsusda qarşıdakı sammit ilə bağlı fikir mübadiləsi aparıldı”, – sözlərilə xəbər yekunlaşır.

Əlavə edək ki, Prezident İlham Əliyevlə telefon söhbətindən sonra Şarl Mişel sosial media hesabı üzərindən məmnuniyyətini dilə gətirib: “Prezident İ.Əliyevlə əlaqəni yeniləməyimə görə çox məmnunam. Mən Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinin, Avropa İttifaqı üçün Cənubi Qafqazda regional təhlükəsizlik və sabitliyin vacibliyini vurğuladım”.

Qeyd edək ki, Ş.Mişel iyunun 2-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Onun İ.Əliyevə zəngi də bu görüşdən sonra olub. Belə qənaətə gəlmək olar ki, məhz N.Paşinyanla görüşdə müzakirə edilən məsələlər Aİ Şurası Prezidentinin Azərbaycan Prezidenti ilə əlaqə saxlamasına zərurət yaradıb.

Mission News Theme by Compete Themes.