Son yeniləmə: 2 İyun 2021 12:44
Bayraqdar.info – “Dünyada neftin və neft məhsullarının qiymətləri artdıqca, Azərbaycanda da benzin növlərinin qiymətləri artır. “Premium” və “Super” markalı benzin Azərbaycana idxal olunur. Bu benzin markaları idxal olunduqları üçün onların qiymətləri beynəlxalq qiymətlərdən asılıdır.”
Bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov bayraqdar.info-ya Azərbaycanda AI-95 və AI-98 markalı benzinin bahalaşması ilə bağlı açıqlamasında bildirib.
İ.Əhmədov deyib ki, dünyada bu növ neft məhsullarının qiymətləri azaldıqca, Azərbaycanda da azalır.
“Məsələn, pandemiyadan əvvəl “Premium” benzinin hər litri üçün qiyməti 1 manat 50 qəpik olub, pandemiya zamanı neftin qiyməti düşəndə bu rəqəm hər litr üçün 1 manat 10 – 1 manat 20 qəpik olub, sonra 1 manat 25 qəpiyə yüksəlib. İndi isə bu benzin markasının hər litri 1 manat 40 qəpiyə yüksəlib. Yəni, bu markalı benzinin qiymətinin artması dünyada neftin qiymətinin və neft məhsullarının qiymətinin artması ilə bağlıdır”, – deyə o, bildirib.
İ.Əhmədov həmçinin onu da qeyd edib ki, bu benzin növlərinin qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdır. Ancaq AI-92 və dizel yanacağı Azərbaycanda ən çox istifadə olunan yanacaq növləridir. Bu yanacaq növlərinin istehlakı ümumi istehlakın 90 faizini təşkil edir: “Bu yanacaq növləri Azərbaycanda istehsal olduğu üçün qiymətləri dövlət tərəfindən tənzimlənir. Gələcəkdə – 2022-ci ildən sonra SOCAR-ın Heydər Əliyev Adına Neft Emalı Zavodunda modernizasiyanın hazırkı mərhələsi başa çatdıqdan sonra, Azərbaycanda da AI-95 markalı benzinin istehsalı mümkün olacaq. Bundan sonra biz artıq bu yanacaq növünün idxalından asılı olmayacağıq və onun qiyməti də Azərbaycan dövlətinin müəyyən etdiyi qiymətlə tənzimlənə bilər”.
Qeyd edək ki, bu gün səhərdən Azərbaycanda AI-95 markalı benzinin qiymətinin 1.4 manata yüksəldiyi xəbərləri dolaşır. Eyni zamanda AI-98 markalı benzinin də 1.55 manata qədər bahalaşdığı deyilir. Dünənə qədər onlar müvafiq olaraq 1.25 və 1.4 manat idi.
Təəssüflər olsun ki, məsələylə bağlı Tarif Şurasının münasibətini öyrənmək mümkün olmayıb. Çünki elan etdikləri telefon nömrəsinə cavab verilmir…