Bayraqdar.info – Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ilk aylarından artıq Vətən müharibəsi şəhidlərinin ailələrinin və qazilərin mənzillə təminatı həyata keçirilir. Şəhid Hüseyn Tağıyevin kirayədə yaşayan ailəsi də Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində 2 otaqlı mənzillə təmin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya məlumat verilib.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Hüseyn Oqtay oğlu Tağıyevin ailəsini ziyarət edib. Yeni mənzildə keçirilən görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən danışılıb. Vətən müharibəsində qəhrəman oğulların, o cümlədən Hüseyn Tağıyevin göstərdiyi şücaətlərdən söhbət açılıb.
Ziyarətçilər ailənin sosial vəziyyəti ilə maraqlanıb. Onların yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağı vurğulanıb, şəhid ailəsinə digər sahələrdə də dəstək göstərilməsi üçün qeydiyyat aparılıb.
Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, 2016-cı ilin aprel və 2020-ci ilin Tovuz döyüşlərində də qəhrəmanlıq göstərmiş Hüseyn Tağıyev Vətən müharibəsi zamanı Füzuli uğrunda döyüşlərdə şəhid olub. Dövlət başçısının Sərəncamları ilə o, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.