Bayraqdar.info – “Arts Council Azerbaijan” təşkilatının layihəsi, Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Simurq” uşaq musiqi festivalı keçirilir.
Tədbir iyunun 1-dən “Bolqarıstan uşaqların gözü ilə” rəsm sərgisi ilə işə başlayıb iyunun 2-də davam edir. Festivalın ilk konserti iyunun 2-də İçərişəhərdə “Art Tower” qalereyasının qarşısında saat 17:30-da başlayıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bayraqdar.info-ya verilən məlumata görə, əvvəlki illərdə festivala təkcə pianoçular cəlb edilirdisə, bu dəfə musiqinin bütün sahələri ilə məşğul olan uşaqlar özlərini sınayırlar.
Festivalın ikinci günündə Q.Qarayevin “Yeddi gözəl” baletindən vals, T.Quliyevin “Qaytağı” rəqsinə yazdığı musiqi, Niyazinin məşhur “Arzu” mahnısı ifa ediləcək. Həmçinin, iştirakçılar klassik musiqi əsərləri dinləyə, milli, xarici rəqs nömrələrinə tamaşa edə bilərlər.
Təşkilatçılar incəsənətin bütün sahələrində uşaqların istedadını nümayiş etdirməyə qərar veriblər.
Layihənin müəllifi tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadədir. Layihənin başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və onlara dəstək olmaqdır.