Son yeniləmə: 2 İyun 2021 08:49
Bakı Formula-1 ərəfəsindədir. Əslində, ərəfəsində deməyə bilərik. Çünki artıq infrastruktur tam hazırdır, gərəkli tədbirlər görülüb, yollar və maneələr uyğun şəkildə təşkil edilib. Qalır yarışa qatılacaq pilotların şütüməsi, onu da bir neçə günə müşahidə edə biləcəyik.
Bu yarış yenə də cəmiyyətdə müzakirələrə səbəb olub. Suallar var. Adamların bəziləri deyir ki, bizə belə bir yarış lazımdırmı? Özəlliklə də ona görə ki, bir neçə gün ərzində şəhərin tam da mərkəzi iflic olur, piyadalar, sürücülər əziyyət çəkir.
Düz deyir belə deyənlər. Həqiqətən də bu deyilənlər baş verir. Şəxsən özüm də o durumdan əziyyət çəkmişəm və çıxış yolunu bu günlərdə Bakıdan kənarda keçirməkdə görürəm. Yəni hazırda Bakıda deyiləm, Formula-1 bitmədən də o şəhərə gəlməyi düşünmürəm. Əlbəttə, fövqəladə bir hal olmazsa.
Lakin biz doğrudanmı 3-5 gün şəhərdə tıxac yaranacağına görə beynəlxalq yarışlara ev sahibliyindən imtina etməliyik? Yaxud da doğrudanmı o yarışların bizə heç bir faydası yoxdur?
İllərdir eyni suallara cavab veririk
Bu suallara illərdir cavab veririk. Zərurət yarandıqca yenə də verəcəyik. Çünki bizim işimiz işlərin əslini-astarını cəmiyyətə uyğun bir şəkildə izah etməkdir.
Azərbaycan 2020-ci ildə 30 ilə yaxın işğal altında qalan torpaqlarını cəmi 44 günə azad etdi. Möhtəşəm günlərdi o günlər. Zəfər də möhtəşəmdi. Əlbəttə, şəhidlər verdik, canımızdan can ayrıldı. Lakin bunsuz da mümkün deyildi axı. Vətən torpaqlarını geri almaq üçün mütləq canımızdan can verməliydik. Verdik. Həm də şərəflə verdik bu canları.
Bəs savaş elə o 44 günlə bitdimi? Bitmədi. Su uyuyar, düşmən uyumaz deyirlər. Elədir ki, var. 44 günlük dəmir yumruqdan nəsibini almış düşmən məkrini işə salıb günü bu gün də üzərimizə gəlməkdədir. Hər yerdə onları görürük. Yalanlar uydurur, Azərbaycanı və azərbaycanlıları Türkiyə ilə birlikdə hər cür böhtana, yalana məruz qoyurlar. Utanmazcasına, həyasızcasına bizim haqqımızda elə bir obraz yaratmağa çalışırlar ki, dünya yenidən üzərimizə gəlsin.
Biz nə edirik? Yaxud da biz nə etməliyik? Biz də boş durmamalıyıq. Dünyaya dinc, sülhsevər, tolerant bir xalq olduğumuzu təkrar-təkrar göstərməliyik. Bir an belə boş dayansaq rəqib bizi üstələyəcək və ona qarşı əks tədbirlər də gecikmiş olacaq. Ona görə də boş durmuruq.
Biz 44 günlük savaşdan öncə necə bəşər mədəniyyətinə, idmanına, siyasətinə töhfələr verirdiksə, savaşdan sonra da eyni qaydada davam edirik. Yəni dünya bizim sadəcə savaşa hazırlaşdığımıza görə o cür davrandığımızı sanmamalıdır. Bizim mahiyyətimiz budur: dinc yaşamağa, sülhə töhfə verməyə hazır millətik.
Belə yarışlara ev sahibliyi önəmlidir
O baxımdan Azərbaycanın Formula-1 və bənzəri yarışlara ev sahibliyi etməsi olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, Ermənistan və dünya erməniləri milyardlarla pul xərcləyib təbliğat qurur, bizə böhtanlar atır. Bizsə sadəcə Formula-1 kimi yarışlara bir neçə milyon xərcləməklə onların o milyardlıq təbliğatını alt-üst edirik.
O möhtəşəm 44 gündə dünyanın üzərimizə gəlməməsi də bundan qaynaqlanır. Biz ölkəmizi və xalqımızı bu yöndən yaxşı tanıda bilmişik. Ona görə də dünya insanları haqlı davamızda ən azından əl-ayağımıza dolaşmamağı uyğun gördülər. Eyni qaydada davam edərsək irəlidə görəcəyimiz işlər üçün də əla bir platforma qazanmış olarıq.
Sözümüzün canı: Formula-1 üzündən bir neçə gün rahatsız olacağıq. Buna anlayışlı və dözümlü yanaşaq. Çünki biz Formula-1 kimi üsullardan istifadə etməyib sadəcə rahatlığımızı düşünsək dünya günün birində üstümüzə gələr. Adımız unudulacaq belə tədbirlər olmasa. Bizi heç kim tanımayacaq və ermənilər də “dərə xəlvət, tülkü bəy” deyib əleyhimizə çox dəhşətli işlər qura biləcək.
Varlığımızı göstəririk
Biz Formula-1 tipli tədbirlərlə dünyanın hər tərəfinə öz varlığımızı göstəririk. Bizi dünyanın unutmasına imkan vermirik. Üstəlik də yaxşı tərəfdən xatırladırıq özümüzü. İndi bunun üçün bir neçə gün rahatsız olmaqla nə itiririk ki?
Gəlin təsəvvür edək ki, Azərbaycan belə tədbirlərdən illər öncə imtina etmiş olaydı. Bilirsiniz, onda nə baş verəcəkdi? 44 günlük savaşda dünya üstümüzə gələcəkdi! Bəli, elə olacaqdı! Çünki bizi tanıyan və sayan heç bir ölkə olmayacaqdı! Amma o möhtəşəm zəfər günlərinə qədər biz dəfələrlə Formula-1, Avroviziya musiqi yarışması, 1-ci Avropa Oyunları, müxtəlif dünya çempionatları keçirmişdik və özümüzü o yöndən yaxşı tanıtmışdıq.
Yeri gəlmişkən, Formula-1-in ardından Bakı Avro 2020-yə ev sahibliyi edir. Bu da dünyanın diqqətini yenidən üzərimizə çəkəcək. Nəyi pisdir? Niyə olmasın? Niyə dünya bizi məhz bu cür xoşməramlı məsələlərə görə tanımasın?
Dübarədən yeri gəlmişkən, bu narazılıq edənlərin bir qismi məsələnin mahiyyətini anlamayanlardır. Digər bir qismi isə anlasa da qərəzindən ayrıla bilməyənlərdir. Özəlliklə də hər fürsətdə Azərbaycan hakimiyyətini hər şeydə ittiham etməyə öyrəşmiş radikallar belə məsələlərdən sui-istifadə edir. Bütün bunların fövqündə duransa erməni təbliğat maşınıdır. Azacıq narazılıq üçün səbəb görən kimi hərəkətə keçib ustalıqla ortalığı qarışdırır 44 günlük savaşda təpəsinə dəmir yumruq enmiş “yazıq millət”! Təəssüf ki, bizim insanlarımızın bəziləri də bunun fərqinə varmadan təbliğata alət olur, erməni paylaşımlarını tirajlayır.
Diqqətli olmalıyıq. Azərbaycan hələ də informasiya savaşındadır və Formula-1, Avro 2020 kimi yarışlar o savaşda bizim işimizə çox yarayır, çox.