Artıq müraciət edən şəxs öz adına daşınmaz əmlakın olub-olmaması barədə arayışı elektron qaydada da əldə edə bilər
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidməti istifadəyə verilib. Artıq müraciət edən şəxs adına daşınmaz əmlakın olub-olmaması barədə arayışı Xidmətin ərazi idarələrinə müraciət etməklə yanaşı, elektron qaydada da əldə edə bilər.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən bildirilib. Qeyd olunub ki, daşınmaz əmlakla bağlı göstərilən xidmətlərin elektron müstəviyə keçməsi Dövlət Xidmətinin prioritetlərindəndir. Yeni xidmətin istifadəyə verilməsi isə vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına yönəlib.
Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması ilə bağlı müraciət etmək istəyən şəxslər Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından yararlana bilər. Burada “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə (portalın xidmət bölməsində 15-ci sıra) keçid edərək şəxsə aid tələb olunan məlumatlar daxil edilir. Açılan pəncərədəki müvafiq məlumatları doldurduqdan sonra müraciət göndərilir. Ardınca təsdiqetmə bildirişi monitorda görünür. Bildirişdə qeydiyyat nömrəsi ilə icra müddəti göstərilir.
Arayış hazır olduqdan sonra müraciət edən şəxsə xidmət haqqının onlayn (elektron) qaydada ödənilməsi ilə bağlı SMS bildirişi göndərilir. Xidmət haqqı ödənildikdən sonra portalda “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə daxil olaraq “Elektron arayışlarım” alt bölməsindən ona məxsus daşınmaz əmlaka dair arayışla tanış olur.
Qeyd edək ki, müraciət edən şəxsin adına hər hansı daşınmaz əmlak aşkar edilmədikdə, xidmət haqqı tələb olunmur. İstifadəçinin adına daşınmaz əmlakın mövcud olmaması barədə SMS bildiriş həmin şəxsin mobil nömrəsinə göndərilir.