Bayraqdar.info – Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri – Ermənistan vətəndaşları Mkrtıçyan Lüdvik Mkrtıçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə istintaq yekunlaşıb.
Onlar Azərbaycanın işğal altında olmuş ərazilərdə azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri və digər faktlara görə ittiham edilirlər.
Xəbəri Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.
Xəbərdə deyilir ki, Lüdvik Mkrtıçyan və Alyoşa Xosrovyan CM-nin 113 (işkəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə ittiham olunur.
20 may 2021-ci il tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
İyunun 2-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Mkrtıçyan Lüdvik Mkrtıçoviçin və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işinin hazırlıq iclası keçirilib. Hazırlıq iclasında Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Mahir Abbasov da iştirak edib.
İclasda cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən tarcüməçilərin iştirakı təmin edilib.
Eyni zamanda, hazırlıq iclasında 45 nəfərdən çox yerli və xarici media və QHT təmsilçiləri, beynəlxalq statuslu nümayəndələr, eləcə də, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iştirak edib.
Həmçinin, təcili tibbi yardım heyətinin iştirakı da təmin edilib.
Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.