Bayraqdar.info – ABŞ Dövlət katibi Entoni Blinken iyunun 1-də Kıbrıs rum kəsiminin Xarici İşlər naziri Nikos Xristodulidesə zəng edib.
Bu haqda xəbər bayraqdar.info-ya ABŞ Dövlət Departamentindən daxil olub.
Xəbərdə deyilir ki, tərəflər qarşılıqlı münasibətlərin dərinləşməsinə sadiq olduqlarını bir daha təkrarlayıblar.
Dövlət katibi və Xarici İşlər naziri Doğu Ağdənizdə (Şərqi Aralıq dənizi) narazılıqların regional işbirliyi və dinc yolla həllinin vacibliyini vurğulayıb.
Dövlət katibi BMT-nin vasitəçiliyi ilə Kıbrısın bütün tərəflərin ortaq faydası üçün iki zonalı, iki icmalı federal əsaslarla yenidən birləşdirilməsi istiqamətində çalışmalara ABŞ-ın dəstəyini qeyd edib.
Dövlət katibi deyib ki, ölkəsi Kıbrıs tərəflərini danışıqları yenidən başlamaq üçün aşkarlıq, uyğunluq və güzəştlər sərgiləməyə həvəsləndirir.
E.Blinken Kıbrıs rum kəsimi, Yunanıstan, İsrail və ABŞ-ın daxil olduğu 3+1 diplomatik mexanizminə dəstək də ifadə edib. O, eyni zamanda bölgədə Rusiya və Çinin zərərli təsirlərinə qarşı mübarizənin vacibliyini qeyd edib.
KKTC federal dövlətə qarşıdır
Qeyd edək ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti ABŞ Dövlət katibinin təkrar dilə gətirdiyi “iki zonalı, iki icmalı federal birləşmə”ni qətiyyətlə rədd edir. Bu da səbəbsiz deyil. Çünki KKTC Cümhurbaşqanı Ersin Tatarın bayraqdar-info-ya verdiyi müsahibədə də deyildiyi kimi, adada artıq iki ayrı dövlətin varlığı bir gerçəklikdir və məsələnin həlli də məhz bu şəkildə əksini tapmalıdır.
KKTC Kıbrıs adasında rumlarla ortaq dövlətdə yaşamağın mümkünsüzlüyünü əsaslandırılmış şəkildə bəyan edib. Lakin Yunanıstanın açıq şəkildə pozucu yanaşması bu məsələnin məhz hər iki tərəfin faydasına çözümünü əngəlləyir.
Bayraqdar.info-nun da yaxından izləyib xəbər verdiyi 5+BM (5+1) danışıqlarına da KKTC məhz iki müstəqil dövlətli həll seçənəyi ilə getmişdi. Lakin Kıbrıs rum kəsimi yenə də oyunpozanlıq edərək türkləri öz nəzarətində tutacaq seçənək təqdim etmişdi. Buna görə də o danışıqlar nəticəsiz başa çatmışdı.
Əlavə edək ki, sözügedən danışıqlar BMT Baş katibi Antonio Guterreşin iştirakı və vasitəçiliyi ilə aprelin 27-29-da Cenevrədə keçirilmişdi. Burada KKTC və Kıbrısın rum kəsimiylə yanaşı Türkiyə, Böyük Britaniya və Yunanıstan da iştirak etmişdi.
Onu da xatırladaq ki, Böyük Britaniyada bir sıra nüfuzlu şəxslər və siyasi çevrələr KKTC-nin həll seçənəyini məqbul saydıqlarını bəyan ediblər.