Bayraqdar.info – Dövlət Məşğulluq Agentliyi sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində 536 şəxsə münasib iş yerlərinə göndəriş verib.
Agentlikdən bayraqdar.info-ya verilən məlumata görə, göndəriş verilənlər sosial cəhətdən həssas qruplardan olan şəxslərdir.
Onların mühüm bir hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olanlardır. Göndəriş verilən şəxslərlə işəgötürənlər arasında artıq əmək müqaviləsi bağlanıb və onlar işə başlayıblar.
Proqramda iştirak üçün bu günədək 71 işəgötürən ilə müqavilə imzalanıb. İş yerlərinə göndəriş verilən şəxslər də həmin işəgötürənlərə aid müəssisələrdə işlə təmin olunurlar.
“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan həmin işəgötürənlər proqrama daxil olaraq müraciət edə bilərlər. Bu proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.