Bayraqdar.info – Bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın hər tərəfində qeyd edilən gündə bir qayda olaraq uşaqlarla bağlı məsələlər daha geniş müzakirə edilir. Dövlətlər, cəmiyyətlər uşaqların – hər bir millətin gələcəyinin həm yaxşı tərəflərini, həm də qarşılaşdıqları problemləri müzakirə edib çıxış yolları arayır.
Biz də istisna deyilik. Bayraqdar.info olaraq bu məsələlərlə peşəkar səviyyədə məşğul olan bir xanım – Lamiyə İsazadə ilə söhbət etdik. O, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədridir.
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB: Təşkilat 2017-ci ilin yanvar ayında rəsmi dövlət qeydiyyatına alınıb. Əsas məqsədi kimsəsiz uşaqların sosial müdafiəsinə yardım etməkdir. Eyni zamanda əhalinin sosial müdafiəsi, uşaqların hüquqlarının təmin edilməsi sahəsində dövlətin həyata keçirdiyi tədbirləri təbliğ etməyi hədəfləyir. Uşaqlar arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etmək də təşkilatın əsas qayələrindəndir. Mərkəzi qərargahı paytaxtdan uzaqda – Gəncədə yerləşsə də sədr L.İsazadənin fəallığı nəticəsində Azərbaycanda tanınan, işi ilə sayılıb-seçilən təşkilatlardan biridir.
Beləliklə, L.İsazadəyə bir neçə sualla müraciət edirik.
Bayraqdar.info: 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Azərbaycan perspektivindən necə dəyərləndirmək olar? Yəni bizdə dövlət və cəmiyyət uşaq məsələlərinə necə münasibət bəsləyir?
Lamiyə İsazadə: Dünyadakı hər bir uşağın müdafiə olunmaq hüququ var və hər bir uşağın buna ehtiyacı var. Ələlxüsus da valideyn himayəsindən məhrum olan uşaqların. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da təntənəli şəkildə qeyd edilir.
Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə hələ 22 dekabr 2008-ci ildə 103 saylı Sərəncam imzalamışdır.
Sərəncama əsasən 2009-cu il “Uşaq ili” elan olunmuşdu. Bu, dövlət başçısının Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısının göstəricisidir. Eyni zamanda bu onun göstəricisidir ki, bizdə uşaqların müdafiəsi, uşaq problemləri, uşaqlarla bağlı bütün məsələlər dövlətin ciddi nəzarətindədir.
Hətta dövlətimizdə uşaq hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün Azərbaycan uşaqlarının sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün dövlət hər cür şərait yaratmışdır.
Bayraqdar.info: Siz özünüz uşaqların problemlərilə məşğul olan bir QHT-yə başçılıq edirsiniz. Yəni işin birbaşa içindəsiniz. Bizim kimi uşaq məsələlərini kənardan müşahidə edənlərdən fərqli olaraq, siz yəqin ki, daha ayrıntılı bilgi sahibisiniz. O baxımdan oxucularımıza nələri deyə bilərsiniz?
Lamiyə İsazadə: Valideyn himayəsindən məhrum olan uşaqların problemlərilə yaxından tanış olmaq, həmin problemləri bacardığımız qədər, imkan daxilində həll etmək olduqca məsuliyyət tələb edir. Bu, çox həssas mövzudur. Buna biganə qalmaq isə qeyri-mümkündür. Biz bilirik ki, həmin uşaqların bizə ehtiyacı var və bizdən başqa kimsələri yoxdur. Təşkilatımız tez-tez, ən əsası da xüsusi günlərdə həmin uşaqlar üçün aksiya təşkil edir. Lakin aksiyalara, təəssüflər olsun ki, çox az adam dəstək verir. Biz təşkilat olaraq cəmiyyətimizdə o cür uşaqlara qarşı biganəlik hiss edirik. Cəmiyyətimiz istəyir ki, həmin uşaqlar üçün hər şeyi dövlət etsin. Ancaq bu, çox yanlış düşüncə tərzidir.
Biz hamımız əl-ələ verib o uşaqlar üçün gücümüz çatan hər şeyi etməliyik ki, onların heç nəyə ehtiyacı olmasın. Uşaq evinə gedəndə o uşaqların əksəriyyəti mənə “ana” deyə müraciət edir. Bu, mənimçün nə qədər xoşdursa, bir o qədər də ağrılıdır. Onlar mənə “ana” deyəndə məsuliyyətimi birə min artırırlar. Düşünürəm ki, onlar üçün daha çox şey etməliyəm. Bacardığımdan da artıq…
Artıq 9 ilə yaxındır ki, cəmiyyətimizin həssas üzvləri olan bu uşaqlarla çalışıram. Onlarla davamlı şəkildə ünsiyyətdə olmaq böyük mənəvi güc tələb edir. O uşaqların yanında kövrəlmək, ağlamaq olmaz. O zaman hiss edirlər ki, qarşılarındakı insanın onlara yazığı gəlir. Onlar bu vəziyyətdən daxilən sınırlar. Həmin uşaqlara daima həssas yanaşmaq, onlarla hər zaman pozitiv olmaq lazımdır ki, özlərini xoşbəxt hiss etsinlər.
Bayraqdar.info: Dünyanın bir çox ölkələrində uşaq əməyindən amansızcasına istifadə edilir. Bizdə durum necədir? Uşaqların kütləvi şəkildə məcburi əməyə cəlb edilməsi haqqında danışa bilərikmi?
Lamiyə İsazadə: İlk öncə xatırlatmaq istəyirəm ki, uşaq əməyinin istismarı hallarının aradan qaldırılmasına cəmiyyətin diqqətinin artırılması, bu istiqamətdə hökumət və ictimai təşkilatların birgə səylərinin gücləndirilməsi məqsədilə Beynəlxalq Əmək Təşkilatı 2002-ci ildən 12 iyunu Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü elan edib.
Uşaq əməyinin istismarı müasir dünyamızın qlobal problemidir. Bu istiqamətdə beynəlxalq səviyyədə mübarizə aparılsa da, ümumilikdə problemi tamamilə aradan qaldırmaq mümkün olmur. Uşaq əməyinin istismarı Azərbaycanda, eləcə də dünya üzrə geniş yayılmaqdadır.
Bildiyiniz kimi uşaq əməyi insan hüquqlarını pozan istismar növüdür. Bunu Əmək Məcəlləsinin, Konstitusiyanın maddələri ilə izah etmək istərdim. Lakin bu qısa söhbətimizdə bunları geniş şəkildə şərh eləmək vaxt alardı.
Uşaq əməyinin istismarı uşağın hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla yanaşı onu təhsildən məhrum edir, fiziki-mənəvi inkişafına zərbə vurur. Azərbaycan da uşaq əməyinin istismarına qarşı fəal siyasət aparan ölkələrdən biridir. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da uşaq əməyinin istismarı ailədən qaynaqlanır. Kiçik yaşlı uşaqları pul qazanıb ailəyə gətirməyə məcbur edən valideynlər var. Bəzi valideynlər fiziki məhdudiyyətli övladlarını küçədə nəsə satmağa, dilənməyə məcbur edir.
Ailə sevgisindən uzaq qalan bir uşaq təbii ki, həm ailə təcavüzünə, həm də cəmiyyətin zorakılığına məruz qalır. Əfsuslar olsun ki, bu gün bir sıra uşaqlar bazar iqtisadiyyatının tərkib hissəsinə çevrilib. Onlar qurban olmağa, satılmağa, həyatın ən pis üzünü belə görməyə məcbur olurlar.
Azyaşlı uşaqların əməyə cəlb olunması onların istismar olunmasıdır. Bu gün uşaqlara qarşı zorakılıq, onlardan sui-istifadə tüğyan edir. Hətta valideyni tərəfindən zorlanmaya məruz qalan uşaqlar da az deyil. Təəssüf ki, bunların qarşısını almaq qeyri-mümkündür. Çünki hər ailə bir respublikadır. Ona müdaxilə etmək isə olduqca çətindir.
Bayraqdar.info: Daha dəhşətli bir məsələ də var. Bir sıra 3-cü dünya ölkələrində uşaq əsgərlərdən istifadə edilir. Uşaqlar ailələrindən zorla alınaraq silahlandırılır və müxtəlif cinayət əməllərinə bulaşdırılır. Əlbəttə, Azərbaycanda belə bir durumun olmasını ağlımıza belə gətirə bilmərik. Lakin təcavüzkar Ermənistanla bağlı belə faktlara rast gəlinib. Bu haqda nə deyə bilərsiniz?
Lamiyə İsazadə: Azərbaycanla Ermənistanı heç bir mövzuda müqayisə etməyi doğru saymazdım. Çünki Azərbaycan humanizm dəyərlərinə sadiq bir dövlət, Ermənistan isə terroru dəstəkləyən dövlətdir. Biz öz övladlarımıza sevgi, mərhəmət, dostluq, sədaqət hisslərini aşılayırıq. Ermənilər isə uşaqlarını kiçik yaşdan kin, nifrət, yalanla böyüdürlər. Azərbaycanın milli-mənəvi dəyərləri və uşaqlara qarşı tərbiyə üsulu Ermənistanla heç cür müqayisə oluna bilməz! Ona görə də Ermənistan uşaq əsgərlərdən belə istifadəyə meyllidir. Biz elə sonuncu 44 günlük Vətən müharibəsində də ermənilərin uşaq əsgərlərdən istifadə hallarını müşahidə etdik. Yaxud da onların uşaqları bir yerə toplayaraq hərbi təlimlər keçməsi heç kimə sirr deyil. Əlbəttə ki, uşaqlardan belə istifadə insanlığa yaraşmayacaq davranışdır.