Bayraqdar.info – 44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan hazırda işğaldan azad edilmiş topraqlarda bərpa-quruculuq işləri həyata keçirir. Lakin atılan addımlar təkcə bununla bağlı deyil. Əvvəllər olduğu kimi hazırda da şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi diqqət mərkəzindədir. Özü də bu işdə dövlətlə yanaşı bır sıra qurumlar, o cümlədən cəmiyyətimiz yaxından iştirak edir. Bu kontekstdə Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun fəaliyyəti xüsusi olaraq vurğulanmalıdır.
Fondun fəaliyyəti həssaslıqdan xəbər verir
Əslində bu Fondun yaradılması heç də təsadüfi deyl. Yəni sözügedən Fərmanda da vurğulandığı kimi şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq təmənnasız kömək ənənələrini davam etdirir. Elə yarandığı qısa vaxt ərzində “YAŞAT” Fondunun fəaliyyəti də deyilənləri təsdiqləyir. Daha doğrusu bu fəaliyyətin fonunda cəmiyyətimizin şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə necə həssaslıqla yanaşdığını görmək mümkündür.
Məlumat üçün bildirək ki, Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:
– şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək şəhid ailəsi üzvü və ya müharibə əlili statusu alan şəxs tərəfindən götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;
– şəhid ailəsi üzvünün və ya müharibə əlili statusu alan şəxsin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;
– şəhid ailəsi üzvünün və ya müharibə əlili statusu alan şəxsin təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi; şəhid ailəsi üzvünün və ya müharibə əlili statusu alan şəxsin məişət şəraitinin yaxşılaşdırılması.
“YAŞAT” Fondu fəaliyyətini tam şəffaflıq və hesabatlılıq prinsipi əsasında qurub
Ümumiləşdirsək, qeyd edə bilərik ki, “YAŞAT” Fondu fəaliyyətini tam şəffaflıq və hesabatlılıq prinsipi əsasında qurub. Fond şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirir. İndiyədək fondun əməkdaşları tərəfindən minlərlə şəhid ailəsi və müharibə əlili ziyarət olunub.
Bu günə qədər Fond tərəfindən tibb xərclərinin qarşılanması istiqaməti üzrə 3 milyon 860 min 833 manat 12 qəpik vəsait xərclənib. Həmin vəsait 872 şəhid ailəsi üzvü və 413 qaziyə sərf olunub.
“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovun sözlərinə görə, 94 ağır yaralı qazi müalicə məqsədilə Türkiyəyə göndərilib. Onlardan 32-si sağalaraq geri qayıdıb. Hazırda qardaş ölkədə 62 ağır yaralı qazinin müalicəsi davam etdirilir. Bu həftə ərzində daha 5 qazinin Türkiyəyə göndərilməsi nəzərdə tutulur.
“YAŞAT” Fondunun həyata keçirdiyi layihələrdən biri də məhz 27 sentyabrdan sonra dünyaya gələn şəhid övladları ilə əlaqəlidir. Bu günə kimi 90 yeni doğulmuş şəhid övladı var ki, onlardan 72-nin ilkin xərclərinin qarşılanması üçün anasının hesabına min manat vəsait köçürülüb. 38 yeni doğulmuş şəhid övladının adına isə bankda 5 min manatlıq depozit qoyulub.
Diaspor və Azərbaycanı sevənlər “YAŞAT” marafonunda
Sonda bir vacib məqamı da vurğulamaq yerinə düşər. Bu da “YAŞAT” marafonu ilə bağlıdır. Marafon Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə keçirilib.
Əsas məqsədi şəhid ailələrinə və qazilərimizə dəstək verilməsi olan marafona başlandığı 29 aprel tarixindən mayın 31-dək 1 milyon manatdan artıq vəsait toplanılıb. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayevin mətbuat konfrasında bildirdiyi kimi, marafonun əhatə dairəsi olduqca geniş olub. Hətta Baham adalarından, Trinidad və Tobaqodan, Kolumbiyadan, Braziliyadan, Ekvadordan da insanlar iştirak edib. Bir sözlə, xaricdə yaşayan azərbaycanlılar və Azərbaycanı sevən insanlar “YAŞAT” marafonunda fəal iştirak ediblər.
Beləliklə, yuxarıda sadalananlar şəhid ailələrinin və qazilərin sosial probləmlərinin həllinin daim diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Eyni zamanda bu işdə dövlətlə yanaşı cəmiyyətimiz də fəallığı ilə seçilir. Ancaq bu bizə – ictimaiyyət nümayəndələrinə arxayınlaşmaq üçün əsas vermir. Yəni hər bir fərd bu müqəddəs işdə dövlətə dəstək olmaq üçün daim çalışmalıdır.