Press "Enter" to skip to content

Qırğızıstanda Fətullahçı kimi tanınan şəxs yoxa çıxdı

Son yeniləmə: 1 İyun 2021 18:04

Bayraqdar.info – İyunun 1-də səhər Prezident Sadır Caparov Türkiyə əsilli Qırğızıstan vətəndaşı Orhan İnandı adlı şəxsin axtarılması üçün tapşırıq verib.

Bu haqda xəbər bayraqdar.info-ya Qırğızıstan Prezidentinin Administrasiyasından daxil olub.

Qırğızıstan mediasının verdiyi xəbərə görə, O.İnandı 1992-ci ildən bu ölkədə yaşayır, vətəndaşlığını da alıb. Lakin önəmli olan bu deyil.

Diqqət çəkən odur ki, O.İnandı Fetullah Gülenə (FETÖ) bağlı olan “Sapat” (“Sebat”) məktəbləri şəbəkəsinin başçısı olub. Bu şəbəkəyə 1 universitet, 16 lisey, 1 beynəlxalq məktəb və 4 ibtidai məktəb daxildir. Ümumilikdə bu məktəblərdə 10 mindən çox Qırğızıstan vətəndaşı təhsil alır. Ötən illər ərzində isə 10 minlərlə Qırğızıstan vətəndaşı bu məktəblərdən məzun olub.

O.İnandı mayın 31-i axşam vaxtı ortalıqdan yoxa çıxıb. Onun xanımı saat 22 civarında votsap üzərindən O.İnandı ilə əlaqə saxlayıb. Göndərilən ismarıc oxunsa da cavab verilməyib. Bir müddət belə davam etdiyi üçün O.İnandının başına bir iş gəlməsi ilə bağlı şübhələr yaranıb.

İyunun 1-i sabaha doğru polisə xəbər verilib. Axtarışlar sonucu O.İnandının şəxsi maşını evindən bir neçə km aralıda aşkarlanıb. Təkəri partlamış, qapıları açıq olan maşından hər hansı dəlil tapılmayıb.

Belə ehtimal edilir ki, O.İnandı qaçırılıb. Məhz buna görə də səhər tezdən “Sapat” şəbəkəsinin tələbə və valideynləri Türkiyənin Bişkekdəki səfirliyi önünə yığışaraq O.İnandının tapılmasını tələb ediblər. Hərçənd nəyə görə tələbin Türkiyə səfirliyinə yönəldildiyi də bir qədər qaranlıq məsələdir…

Ümumilikdə isə Qırğızıstan FETÖ şəbəkəsinin hələ də rahat-rahat fəaliyyət göstərdiyi tək ölkədir. Bir müddət öncə Türkiyə dövləti bu şəbəkənin çökərtilməsi üçün qardaş ölkəyə təkliflər versə də əvvəlki yönətim o təklifləri rədd etmişdi. Onların fikrincə Türkiyənin terrorçu kimi tanıdığı FETÖ bir maarifçi şəbəkədir.

Hazırda isə Qırğızıstanda müəyyən dəyişiklik hiss edilməkdədir. Türkiyə dövlətinin təşəbbüsü ilə Fetullah Gülen şəbəkəsi yavaş-yavaş milliləşdirilir. Türkiyə Maarif Vəqfi bu ölkədə ilk məktəbini də açıb. Belə anlaşılır ki, Qırğızıstan Fetullahçılara sıcaq yanaşmaqla yanlışa yol verdiyinin fərqindədir. Ona görə də dəyişikliklər qaçılmazdır.

Məhz belə bir durumda Fetullahçı imamın yoxa çıxması (qaçırılmış ola bilir) Qırğızıstanla Türkiyə arasında münasibətləri korlamaq istəyən qüvvələrin işi ola bilər. Hətta FETÖ-nün öz qurğusu da ola biləcəyi ehtimalı var.

Yeri gəlmişkən, O.İnandının xanımı həyat yoldaşının qaçırılmasından sonra bir video müraciət yayıb. Videoda xanımın həyəcansız və olduqca sakit-rahat danışması diqqət çəkir. Sanki adi bir məsələ haqqında danışır…

Mövzunu diqqətdə saxlayacağıq.

Mission News Theme by Compete Themes.