Bayraqdar.info – Uşaqların müdafiəsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkəmizdə 10-dan çox sosial təminat növü məhz uşaqların sosial müdafiəsinə yönəlib.
Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda aşağıda göstərilən katiqoriyalar üzrə uşaqlar aylıq müavinətlə təmin olunurlar:
– sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar,
– şəhid ailələrinin və müharibə əlillərinin uşaqları,
– beşdən çox uşağı olan qadınların uşaqları,
– müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları,
– Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqları,
– valideyn himayəsindən məhrum olmuş uşaqlar,
– aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqları.
Həmçinin ailə başçısını itirməyə görə aylıq sosial müavinət və ya pensiya ödənilən ailə üzvlərinin 95 faizindən çoxu uşaqlardır. Ünvanlı sosial yardım alan ailə üzvlərinin isə 50 faizindən çoxu uşaqlardır: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri), üç yaşınadək uşaqlara qulluğa görə onların sığortaolunan valideynləri aylıq müavinətlə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər aylıq təqaüdlə təmin edilirlər”.
Ümumilikdə, hazırda müvafiq kateqoriyalardan olan 600 mindən çox uşaq sosial təminat növləri olan ödənişlərlə təmin olunur. Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət, Çernobıl əlillərinin dispanser qeydiyyatında olan uşaqlarına ildə bir dəfə müavinət də ödənilir.
Bildirilir ki, uşaqların reabilitasiya yönümlü, səmərəli sosial xidmətlərlə təminatı da aparılan işlərdən biridir. Sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı 1 və 2 saylı sosial xidmət müəssisələri Heydər Əliyev Fondunun dəstəyilə müasir tələblərə uyğun yenidən qurulub. Ümumən, Nazirlik tərəfindən son illərdə 8 minədək uşaq səyyar və stasionar formada sosial xidmətlərlə təmin olunub. Bu sırada sosial sifarişlər əsasında icra olunan layihələr çərçivəsində günərzi xidmətlər də var. Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya müəssisəsi də istifadəyə verilib. Nazirliyin 1 və 2 saylı uşaq reabilitasiya mərkəzlərində hər il minlərlə uşaq reabilitasiya xidmətləri ilə təmin olunur və cari ildə bölgələrdə (Şəmkir, Qəbələ) daha iki belə mərkəzin açılması nəzərdə tutulur.
Xatırladaq ki, BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü elan olunub. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün yüksək səviyyədə qeyd edilir.