Bayraqdar.info – Gənclər və İdman Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin “Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda onlayn esse müsabiqəsinə yekun vurulub. Müsabiqə aprelin 20-dən mayın 31-dək keçirilib. Nazirlik qalibləri mükafatlandırıb.
Xəbər Gənclər və İdman Nazirliyindən verilib.
Müsabiqə gənclərin böyük marağına səbəb olub.
Müsabiqənin əsas məqsədlərindən biri N.Gəncəvi yaradıcılığının gənclər arasında geniş təbliği, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, istedadlı və yaradıcı gənclərin stimullaşdırılması olub.
AYB-nın Münsiflər Heyətinin üzvləri – İlqar Fəhmi, Tərlan Quliyev və Arif Buzovnalı tərəfindən 101 nəfər gəncin hazırladığı esselər ötən dövr ərzində qiymətləndirilib. Müsabiqənin qalibləri və fərqlənənlər müəyyən edilib. İlk onluğa layiq görülənlər arasından I, II və III yerlərin qalibləri və 7 nəfər fərqlənən seçilib.
Xəbərdə deyilir ki, mükafatlandırma mərasimində nazir müavini İntiqam Babayev layihənin məqsədi və əhəmiyyəti barədə məlumat verib. O, Nizami yaradıcılığına müraciət edən gənclərin hər birinə fəal iştiraklarına görə təşəkkürünü bildirib, qalibləri isə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. AYB-nin katibi İ. Fəhmi müsabiqənin əhəmiyyətini yüksək dəyərləndirib.
Daha sonra müsabiqədə I yerin qalibi Günel Əhmədova, II yerin qalibi Mərdan Həsənov və III yerin qalibi Şahin Yusifli diplom və pul mükafatı ilə təltif edilib. Fərqlənənlər – Vüsalə Seyfullayeva, Şəbnəm Hüseynova, Ləman Əliyeva, Nurlan Quliyev, Firuzə Hüseynova, Sona Salahova və Etibar Zamanlı fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.