Press "Enter" to skip to content

Korrupsiyaya qarşı mübarizə sahəsində pilot qiymətləndirmə

Bayraqdar.info – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən ölkəmizdə keçirilən 5-ci raund pilot qiymətləndirmə davam edir.

Ölkəmiz 2006-2010-cu illərdə OECD-nin I, 2010-2013- cü illərdə II, 2013-2016-cı illərdə III, 2016-2019-cu illərdə IV Monitorinq Mərhələlərini uğurla tamamlayıb.

Bu məlumat iyunun 1-də Baş Prokurorluqdan verilib.

Bildirilir ki, təşkilat tərəfindən ölkəmizdə keçirilən 5-ci raund pilot qiymətləndirmə üzrə sorğu vərəqəsi cavablandırılaraq OECD-yə təqdim edilib.

Pilot qiymətləndirmə 17-31 may 2021-ci il günlərində OECD-nin müvafiq heyəti tərəfindən keçirilib. Qiymətləndirmədə dövlət orqanlarının, QHT-lərin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib. Onlayn platforma vasitəsilə virtual müsahibələr həyata keçirilib, nümayəndələr müsahibələrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasından qoşulublar.

OECD üzrə Milli Koordinator – Baş Prokuror Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıb.

Virtual müsahibələr Prokurorluğun müvafiq strukturlarının, 16 fərqli dövlət qurumunun, eləcə də, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus 10 hüquqi şəxsin 90-dan artıq nümayəndəsinin iştirakı ilə keçirilib.

Qeyd edilir ki, virtual müsahibələrdə KQMK-nın katibi, MM-in deputatları, hakimlər, Məhkəmə-Hüquq Şurasının, hüquq mühafizə orqanlarının və digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Bayraqdar.info-nun məlumatına görə, virtual müsahibələr 13 fərqli mövzu üzrə aparılıb. Ekspert heyətinin sualları müvafiq qurumların nümayəndələri tərəfindən cavablandırılıb.

Ölkəmiz tərəfindən monitorinq prosesinə göstərilən diqqət OECD-nin nümayəndə heyəti tərəfindən təqdir edilib. Virtual müsahibələr zamanı yüksək təşkilatçılığa görə Azərbaycan tərəfinə minnətdarlıq olunub.

Hazırda ölkəmiz üzrə monitorinq prosesi davam etdirilir.

Mission News Theme by Compete Themes.