Press "Enter" to skip to content

İyunun 5-də yay məktəbinə qeydiyyat başlanır

Son yeniləmə: 1 İyun 2021 11:11

Bayraqdar.info – Təhsil Nazirliyindən bildirilib ki, mövcud vəziyyətlə əlaqədar olaraq 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilib. Pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaradıb. Mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə yay məktəbləri təşkil edilir.

İyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla yay məktəbinin təşkil edilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyindən bildirilib ki, iyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

Yay məktəbinin təşkil edilməsi ilə bağlı bütün məlumatlar yerli təhsili idarəetmə orqanlarına təqdim ediləcək.

Qeydiyyatdan keçmək istəyən vətəndaşlar iyunun 5-dən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müraciət edə bilərlər.

Yay məktəbi ilə bağlı növbəti günlərdə Təhsil Nazirliyinin informasiya resurslarında daha ətraflı məlumat veriləcək.

Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində yay məktəbinin təşkil edilməsi ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edənlərin 44 faizi bu təşəbbüsə müsbət münasibət bildirib.

Mission News Theme by Compete Themes.