Son yeniləmə: 31 May 2021 17:37
Bayraqdar.info – “Həmsədrlərin bəyanatında istinad etdiyi saxlanılan 6 erməni hərbçisi ilə bağlı xatırladırıq ki, bu erməni hərbçiləri yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılıb.”
Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2021-ci il 28 may tarixli bəyanatına münasibət bildirərkən deyib.
XİN-dən bayraqdar.info-ya verilən məlumata görə, L.Abdullayeva Azərbaycanın azad olunmuş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların gündəlik əsasda insanların həyatına təhlükə törətdiyini xatırladıb.
Qeyd olunub ki, belə bir vaxtda, Ermənistanın minaların yeri ilə bağlı məlumatı təqdim etməkdən imtina etməsi, üstəlik əraziyə yeni minalar basdırmaq cəhdi heç bir çərçivəyə sığmır: “Odur ki, həmsədrlər “hamının hamıya” prinsipi əsasında saxlanılan şəxslərin dəyişdirilməsini təklif etməzdən öncə ən azı bu şəxslərin saxlanma səbəblərinə diqqət ayırmalı, təxribatçıları bu kimi fəaliyyətdən çəkinməyə çağırmalıdır”.
Azərbaycan danışıqlar tərəfdarıdır
Bildirilib ki, Azərbaycan sərhəd gərginliyinin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Habelə beynəlxalq ictimaiyyətin iki dövlət arasında sərhədin demarkasiya və delimitasiyası çağırışlarını dəstəkləyir. Bir müddət öncə irəli sürülən sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini də Azərbaycan dəstəkləyib.
Vurğulanıb ki, yalnız beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında dövlətlərarası münasibətlər normallaşdırıla bilər. Sərhəd xəttinin demarkasiyası və delimitasiyasına başlamaq olar və nəhayət, sülh şəraitində birgə yaşayış üçün sağlam təməlin əsası qoyulmuş olar.
Həmsədr ölkələr isə öz növbəsində, üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə verə bilər.
Leyla Abdullayeva deyib ki, həmsədrlərin bəyanatlarında qeyd etdikləri məsələlər, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan son gərginliklər, diversant qrupunun Azərbaycan ərazilərinə daxil olaraq terror-təxribat aktı törətmək cəhdi, delimitasiya və demarkasiya prosesi, habelə bölgəyə humanitar çıxışın təmin edilməsi ilə bağlı mövqeyimiz dəfələrlə rəsmi açıqlamalarda bildirilib.
Azərbaycan azad olunmuş ərazilərin bərpası və insanların bu ərazilərdə yenidən sülh şəraitində birgə yaşayışının təmin edilməsi üçün bütün səylərini səfərbər edib. Ölkəmiz bu istiqəmətdə müvafiq tədbirləri həyata keçirir. Beynəlxalq humanitar təşkilatlarla beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlıq edilir. O cümlədən Qarabağda müharibənin təsirinə məruz qalan insanlara humanitar yardımın göstərilməsi üçün müvafiq addımlar atılıb.
Bir daha qeyd edək ki, bu fikirlər L.Abdullayevaya məxsusdur.
ATƏT MQ-nun bəyanatı
Məlumat üçün bildirək ki, mayın 28-də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələri yenə də Azərbaycana münasibətdə qərəzli bəyanatla çıxış edib.
ATƏT-dən bayraqdar.info-ya daxil olan bəyanatda bildirilir ki, mayın 27-28-də həmsədr ölkələrin təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Mauer və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi ilə məsləhətləşmələr aparıb. Müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.
Nəticədə həmsədrlər ortaq bəyanatla çıxış edərək açıq şəkildə Azərbaycana qərəz nümayiş etdirib.
“Həmsədrlər mayın 27-də 6 Ermənistan əsgərinin həbs edilməsi ilə bağlı xəbəri diqqətə alaraq bütün müharibə əsirləri və həbs edilənləri hamının hamıya prinsipi əsasında azad etməyə çağırır”, – deyə ATƏT MQ həmsədrlərinin bəyanatında bildirilir…
Xəbərin redaktəsi və ATƏT MQ-nun bəyanatıyla bağlı əlavələr Azər Həsrətə aiddir.