Son yeniləmə: 31 May 2021 08:31
Bayraqdar.info – Bizim nəslin uşaqlıq və gənclik dövründə son zəng 25 maya tuş gələrdi. Lakin müstəqillik dönəmində bir çox dəyişikliklərlə bərabər son zəngin də günü dəyişdi və artıq illərdir ki, 11-ci sinfi bitirənlər üçün bu zəng son dəfə iyunun tam da ortasında çalınır.
Son bir ildə isə başqa bir dəyişiklik də bizi haqlayıb. Artıq ikinci dəfə olacaq ki, son zəng əvvəlki illərdə olduğu kimi təmtəraqlı keçirilməyəcək. COVID-19 üzündən. Bütün dünyanı sarmış bu mərəz həyatımızın hər bir yönünə təsir etdiyi kimi məktəb həyatını da hətta bəzən iflic edib.
Buna baxmayaraq müəllim adını şərəflə daşıyanlar belə çətin durumda da tədrisə ara vermir, yetişməkdə olan nəslin üstün biliklərlə silahlanmasına yardımçı olur. Bu işdə, əlbəttə ki, məktəblərin əsas aparıcı qüvvəsi olan direktorların da üzərinə çox ciddi məsuliyyət düşür.
Biz, ənənədən kənara çıxaraq bir sıra məsələlərə bölgə məktəbinin həyatından işıq tutmağa qərar verdik. Bəllidir ki, mərkəzi media bir qayda olaraq paytaxt və ya böyük şəhərləri daha çox diqqətdə saxlayır. Halbuki bölgələrdə də öz uğurlarıyla çox ciddi şəkildə diqqət çəkən istənilən qədər məktəb, müəllim, kollektiv rəhbəri var. Biz də belələrindən birini bugünkü həmsöhbətimiz olaraq oxuculara təqdim edirik.
Beləliklə, həmsöhbətimiz Yevlax şəhərindəki M.Ə.Sabir ad. 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürovadır.
Tanıtma: Şükürova Sədaqət Əvəz qızı ziyalı ailəsində dünyaya göz açıb. Gəncə şəhərindəki M.Müşviq adına 14 saylı tam orta məktəbi, eyni zamanda Gəncədəki 1 nömrəli musiqi məktəbinin fortepiano şöbəsini fərqlənmə ilə bitirib. Pedaqogika üzrə ali təhsil almasına baxmayaraq hazırda da təhsilini davam etdirir: Prezident yaninda Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsidir. İş fəaliyyətinə Yevlaxda yerləşən Kəlbəcərin 30 nömrəli tam orta məktəbində başlayıb. Əvvəl sinif müəllimi, sonra isə direktor müavini kimi. Hazırda başçılıq etdiyi məktəb 1955-ci ildə istifadəyə verilib. 1070 şagirdi, 108 nəfər pedaqoji, 28 nəfər texniki işçisi, 51 sinfi var.
Biz həmsöhbətimizdən bölgədə məktəb direktoru olmağın mərkəzdə direktor işləməkdən fərqini soruşuruq. Bilirik ki, Bakıdakı direktor həmkarlarıyla fəal əlaqələri var və yəqin ki, öz aralarında fikir mübadiləsi aparmamış olmazlar.
Sədaqət xanım deyir ki, “bölgədə məktəb direktoru olmaq çox çətindir. Çatışmazlıqlar, əziyyət çoxdur”. Əlavə edir ki, “illərlə normal idarə olunmamış, ancaq talanmış bir məktəbi 3 ildir ki, inkişaf etdirməyə, Bakı məktəblərinin səviyyəsinə çatdırmağa” çalışır.
Bakıdakı həmkarlarına gəlincə, deyir ki, “əlbəttə, belə əlaqələr var. Bir-birimizi yaxından izləyirik, təcrübəmizi paylaşırıq ki, işimizin keyfiyyətini yüksəldək”.
Bu arada həmsöhbətimizə direktor təyinatının çətinliyi ilə bağlı sual veririk. Onun direktor təyin edilməsi necə, çətinmi olub?
Deyir ki, “direktor olmaq mənim həyatımdakı ən böyük arzum olub, arzulamışam və bu yolda əzmlə çalışmışam. Düz 3 il – 2016, 2017 və 2018-ci illərdə direktorların işə qəbulu müsabiqəsində iştirak etmişəm. Hər üçündə də Respublika üzrə ən yüksək nəticə göstərmişəm. Xəzər Universitetində Potensial Məktəb Direktorları kursunu müvəffəqiyyətlə bitirmişəm”.
Bəs, belə uğurları olan bir pedaqoqun direktor təyinatını əngəlləyən nə olub? Buna da olduqca açıq və səmimi cavab verir: “Rayonda yaradılmış süni əngəllər 2 il ən yüksək nəticə göstərməyimə baxmayaraq direktor təyin olunmagıma mane olub! Amma mən, türklər demiş “mücadilə” etməkdən bir an belə usanmadım! Təhsil Nazirliyimizin obyektivliyinə, aşkarlıq və şəffaflıq prinsipinə güvənərək bu yolda addımladım. 2019-cu ildə Respublika üzrə ən yüksək nəticə göstərməklə direktor təyin olundum”.
Həmsöhbətimiz sadəcə direktor kimi vəzifəsini yerinə yetirməklə işini bitmiş saymır. O, təlim-tərbiyə ilə yanaşı Azərbaycanın çox ciddi ehtiyac duyduğu ideoloji işlərə də töhfə verməkdədir. Biz, onun bütün bunları necə uzlaşdıra bilməsilə maraqlanırıq. Özəlliklə də zəfərlə bitən 44 günlük Vətən savaşından sonra.
“Özüm məktəb rəhbəri olmaqla yanaşı həm də tələbəyəm. Belə düşünürəm ki, həm direktor funksiyalarımı, həm də Azərbaycan vətəndaşı kimi vəzifəmi layiqincə yerinə yetirirəm və Vətənimə xidmət etməyi özümə borc bilirəm. Dahi liderimiz Heydər Əliyevin siyasi kursuna sadiq olan bir ailənin nümayəndəsiyəm. 44 günlük vətən müharibəsi bizə çox böyük qürur yaşatdı!” – deyir.
Daha sonra davam edir: “Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ugurlu siyasəti, şəhidlərimizin qanı hesabına azad olunmuş torpaqlarımızda bu gün quruculuq işləri gedir. Bu, bizi çox sevindirir. 44 günlük müharibə Azərbaycanın gücünü bütün dünyaya sübut etdi! Biz artiq qalib ölkənin vətəndaşlarıyıq! Özüm 1-ci Qarabag müharibəsində şəhid olmuş Milli Qəhrəman, polis mayoru Şahlar Şükürovun bacısıyam. Bu gün sevinirəm ki, minlərlə digər şəhidlərimiz kimi mənim şəhid qardaşımın da ruhu şaddır!”
“Söz savaşdan düşmüşkən, o günlərdə nə edə bildiniz? Həm özünüz, həm də kollektiviniz. Özəlliklə də informasiya savaşına töhfə verə bildinizmi”, – deyə növbəti sualımızı veririk.
Cavab təəccüblü və gözlənilməz olmur: “44 günlük müharibədən əvvəl biz bu əzmi, bu qalibiyyəti özümüzdə hiss edirdik. Məktəbimizin kollektivi ilə birlikdə Şəhidlərimizin adını 51 sinfimizə vermişdik. Sinif otaqlarımızda şəhidlərimizin həyat və fəaliyyəti, qəhrəmanlıq yolu yazılmış stendlər hazırlanıb asılmışdı. Bu gün qürurla sinif şagirdləri deyir ki, məsələn, mən Polad Həşimov adına 1b sinfinin şagirdiyəm”.
Və əlavə edir: “Müharibə dövründə bütün kollektivimizlə birlikdə cənab Prezidentimizin yanında olduğumuzu əməlimizdə nümayiş etdirdik. Milli qürur, milli oyanış, vətənpərvərlik hisslərimizlə o 44 gün içində əlimizdən gələni etmişik! Şagirdlərimiz əsgərlərimizə məktublar yazırdı! Videoroliklər hazırlayıb paylaşırdıq! Bu gün bütün şagirdlərimiz “biz gələcəyin əsgərləriyik” deyirlər!”
Vətənpərvərlik məsələlərindən bir az ayrılıb yenə də məktəb həyatına qayıdırıq. Sualmız: “Bəzən bəzi məktəblər illərlə reytinqlərin dibində qərar tutur. Sizin durumunuz necədir? Örnək üçün, 2020-ci ildə neçə məzununuz vardı və onlardan neçəsi ali məktəblərə qəbul olunub?”
Bu dəfə də cavab direktorun öz işində təsadüfi birisi olmadığını təsdiqləyir: “Direktor kimi fəaliyyətə 2019-cu ildə başlamışam. Təyinat aldıgım məktəb strateji baxımdan şəhərin mərkəzində yerləşsə də bütün infrastfukturu çökmüşdü. Təhsilin keyfiyyəti isə heçə bərabər idi. Ona görə də ilk işim məktəbin infrastrukturunu bərpa etmək oldu. Bunu bacarmaq üçün Ərazi Maliyyə Hesablama Mərkəzi və Rayon İcra Hakimiyyətinin dəstəyinə də ehtiyac yarandı. İkinci iş isə kadrların təlimə həvəsini yüksəltmək, şagirdlərin məktəbə axınını təşkil etmək idi. Əsaslı dəyişiklik oldu məktəbimizdə. 2019-cu ildə 780 şagirdimiz vardısa, indi onların sayı 1070 nəfərdir. Ali məktəblərə qəbul 78 məzundan 20 nəfər təşkil edirdisə, son iki ildə müvafiq olaraq 38 və 40 nəfərdir! 9-cu siniflər üzrə Respublikada 2 min 700 pillə irəliləyişə nail olmuşuq. Rayon səviyyəsində 9-cuların nəticələri ilə 3-cü yerdə qərar tuturuq. Halbuki bizdən öncəki illərdə məktəbimiz reytinq cədvəlində 20-ci yerdə qərarlaşırdı. Hazırda məktəbimiz ciddi nüfuz qazanıb. Bunu hamı görür və hiss edir”.
Şübhəsiz ki, qısa bir müddətə belə uğurlara imza atmış məktəbin media fəaliyyəti də uğurlu qurulmuş olmalıdır. Çağımızda media ilə işləmədən uğur qazanmaq elə də asan məsələ deyil. Həmsöhbətimiz bu sahədə də yetərincə fəal olduqlarını deyir.
“Media nümayəndələrinə münasibətdə diqqətliyik. Onların işinə dəyər veririk. Ümumiyyətlə isə bu peşəyə hörmətimiz sonsuzdur. Əlbəttə ki, kollektiv olaraq sosial mediada çox fəalıq. Sosial media bizim üçün gördüyümüz işlərin hesabatını vermək, işimizdə şəffaflığı təmin etmək baxımından əvəzolunmaz bir platformadır. Həm də qazandığımız yaxşı dostlara görə çox vaxt sosial mediaya minnətdarıq. Bu platforma üzərindən həmkarlarımızın işini izləyir, bilmədiklərimizi öyrənir, təcrübəmizi artırmaga çalışırıq. Təbii ki, bizim də yaxşı təcrübəmizi onlarla həvəslə paylaşırıq”.
Belə. 2020-2021-ci tədris ilinin son günlərində bölgədə işləyən, işiylə fərqlənən, uğurlarından doymayan bir direktorla söhbət etdik. Açığı, bu söhbətdən sonra bizdə təhsilimizin daha irəli gedə biləcəyi ilə bağlı ümidlər bir qədər də artdı. Hər halda Sədaqət müəllim bizi də ruhlandırdı, həvəsləndirdi, işimizə məsuliyyətimizi artırdı. Elə bir pedaqoqla ünsiyyət məhz belə sonuclanmalı deyildimi?