Press "Enter" to skip to content

Şəhid Nurlan Qurbanlının ailəsinə mənzil verilib

Bayraqdar.info – Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri və müharibə əlilləri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. O cümlədən onların mənzillə təminatı işləri aparılır.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib. Bildirilib ki, ötən dövrdə həmin kateqoriyadan olan şəxslərə 9 min 700-dək mənzil və fərdi ev verilib. Yaxın 5 ildə isə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Bu gün isə Vətən müharibəsinin şəhidi Nurlan Süleyman oğlu Qurbanlının ailəsinə ƏƏSMN tərəfindən sosial tərəfdaşın dəstəyi ilə mənzil verilib. Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Xətai rayonundakı yeni yaşayış kompleksindən mənzilin açar və sənədlərini şəhidin qardaşına təqdim edib. Şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olmuş Nurlan Qurbanlı Vətən müharibəsində şərəfli döyüş yolu keçib. O, ötən il oktyabrın 5-də Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nurlanın ailəsinin məişət durumu və ailə vəziyyəti nəzərə alınaraq Nazirlik tərəfindən sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin edilib.

Mission News Theme by Compete Themes.