Bayraqdar.info – 2021-2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin 11 illik təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər üçün qeydiyyat başlanır.
Qabiliyyət imtahanlarında iştirak etmək üçün mayın 31-dən iyunun 7-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçmək lazımdır.
DİM-dən bildirilib ki, abituriyent seçdiyi 2 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta təhsil müəssisələrinin cəmi 6 komissiyası üzrə qeydiyyatdan keçə bilər.
Tam orta təhsil bazasında ixtisas seçən abituriyentlər təsviri, musiqi, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin 2-si üzrə istənilən sayda qeydiyyatdan keçə bilərlər.
Ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan abituriyentlər də qeydiyyatdan keçə bilərlər.
DİM bildirir ki, Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:
– cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;
– müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahanının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki illərin məzunları;
– Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər.
Subbakalavrların QİK-lər üzrə qeydiyyatı yaxın günlərdə elan olunacaq.
Qəbul imtahanının birinci mərhələsini verəcək əvvəlki illərin məzunları üçün qeydiyyat tarixləri elan ediləcək.
Prezidentin Sərəncamına əsasən, imtahanda iştirak üçün ilk dəfə müraciət edən şəxslərin ilk seçdiyi komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsi hesabına (pulsuz) olacaq.
Bayraqdar.infonun məlumatına görə, QİK-lər üzrə qeydiyyatdan keçmək ödənişlidir.
Lakin aşağıdakı şəxslərin qəbul imthanında iştirakı dövlət hesabına olacaq:
– Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
– şəhid ailəsinin üzvləri;
– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
– məcburi köçkün statusu olan şəxslər;
– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Memarlıq, islamşünaslıq və jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün QİK və dini-psixoloji komissiya üzrə qeydiyyat tarixləri DİM tərəfindən müəyyən ediləcək.