Son yeniləmə: 31 May 2021 16:18
Bayraqdar.info – Dahi Nizaminin 880 illiyi münasibətilə “Bakı Metropoliteni” QSC-də bu il silsilə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Metropolitendən bildirilib ki, mayın 31-də keçirilən sərgi dahi şairin həyat və yaradıcılığının ədəbi-bədii və təsviri sənət nümunələrində vəsfinə həsr olunub.
Bütün bunlar il boyunca Nizami Gəncəvi yaradıcılığını oxuculara, metropoliten istifadəçilərinə bir daha yaxından tanıtmaq məqsədi daşıyır.
Bayraqdar.info bildirir ki, “2021 – Nizami ili” adlanan sərgi “Nizami” stansiyasının giriş meydançasından başlayaraq diqqəti cəlb edir. Burada stansiya binasının tağlarından birində Prezident İlham Əliyevin 2021-i “Nizami Gəncəvi ili” elan etməsi xatırladılır. Digər tağda isə dahi şairin özü və sənəti haqqında beyti yer alır və bununla şair sanki sərginin də məzmun və mahiyyətini bəyan edir.
Stansiya vestibülünün kassa zalında bir tərəfdə şairin yaradıcılığının ana xəttini təşkil edən “eşq” və “söz” məfhumlarına verdiyi tərif yer alır.
Kassa zalının digər tərəfində isə dünyanın müxtəlif sənət mərkəzlərinin incisinə çevrilmiş 5 miniatür sənəti nümunəsi yerləşir.
Vestibülün eskalator meydançasında dahi şairin sənətinə həsr olunmuş daha 5 miniatür sənəti nümunəsi gözə çarpır.
Bu miniatürlər ilk dəfə AMEA-nın M.Füzuli ad. Əlyazmalar İnstitutundan məxsusi olaraq seçilərək təqdim edilib.
Eskalatorun aşağı meydançasının hər iki yan divarında da Nizami yaradıcılığının təsirindən yaranmış mövzular görünür. Bir tərəfdə ölməz şairə həsr olunmuş bədii film haqqında məlumat və çəkiliş meydançasında çəkilmiş fotoşəkillər verilib. Digər tərəfdə isə sərgi izləyicilərinə “Nizami” stansiyası haqqında məlumat təqdim olunur.
Pannoların müşayiəti ilə platformanın orta zalının sonuna doğru irəlilədikcə hər iki tərəfdə sərgi izləyicilərinə dahi şair və onun “Xəmsə”si haqqında qısa məlumatlar verilir.
Stansiya yollarının gözləmə zalının pannoarxası divarlarını dahi sənətkarın yaradıcılığından misralar bəzəyir.
Dünya şöhrətli Mikayıl Abdullayevin kaşı ilə işlədiyi Nizaminin portreti və onun ölməz “Xəmsə”sinin motivləri əsasında işlənmiş 18 panno bu gün turistlərin diqqətini cəlb edən nadir sənət nümunələrindəndir.