Bayraqdar.info – Mayın 31-də nəhayət ki, minlərlə insanın arzusu olan, aylardır bağlı qalan Bakı metrosu işə düşdü. İnsanların yolunu qısaldan, yaxın edən və yayda sərin, qışda isti kondisioneri ilə hər gün minlərlə sərnişini getdiyi ünvanlara rahat çatdıran metronun açılması bir çoxları üçün toy-bayram oldu, desəm yanılmaram.
Metronun açılmasına sevinənlərdən biri də mənəm. Baxmayaraq ki, metro ilə az hərəkət edirəm. Amma, məsələn, şəhərin bir başından digərinə getmək üçün mütləq metrodan istifadə edirəm. Həm yolun qısalığı baxımından, həm də yol xərci baxımından metro çox sərfəli nəqliyyat vasitəsidir.
Avtobus və taksi ilə uzun-uzadı tıxaclarda qalmaqla, xeyli vaxt itkisi ilə baş tutan gediş-gəlişimizi metro qısa müddətdə və asanlıqla həyata keçirir.
Bakı Metropoliteninin açılmasına ən çox sevinən həm də metro işçiləridir. Onlar metronun açılmasına fotoreportaj həsr ediblər.
Bakı Metropoliteni öz sevincini sərnişinlərlə belə bölüşüb:
“226 gündən sonra Bakı metrosu yenidən sərnişinlərinin xidmətindədir. Bu gün – may ayının 31-i saat 06:00-dan metropoliten sərnişindaşıma fəaliyyətini bərpa etdi. Növbəti sərnişindaşıma fəaliyyətinə metropoliten 25 stansiyasına daha birinin – “8 Noyabr” stansiyasının əlavə olunması ilə başlayıb. Həmçinin, ilk dəfə Bənövşəyi xətt üzrə qatarlar tam dövrə vuraraq hərəkət ediblər.
Pandemiya şəraitində COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah metropolitendə sərnişindaşıma fəaliyyətinin bərpasını məqbul sayıb.
Metropoliten stansiyaları həftə içi səhər saat 6-dan gecə saat 12-yə qədər sərnişinlərin girişinə açıq olacaq.
Qeyd edilən tarixlərdə metropolitendə sərnişin daşınmayacaq:
5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək”.
Daha sonra xatırladıblar ki, pandemiya dövründə Metropolitendə 3 dəfə sərnişindaşıma prosesi müxtəlif müddətlərə dayandırılıb.
İlk dəfə 2020-ci il mart ayının 31-i saat 22:00-dan may ayının 9-u saat 06:00-a qədər – 38 gün ərzində sərnişindaşıma fəaliyyəti göstərilməyib.
İkinci dəfə 2020-ci il iyulun 4-ü saat 00:00-dan 14 sentyabr saat 06:00-dək sərnişindaşıma 72 gün müddətinə dayandırılıb.
Üçüncü dəfə isə sonuncu sərnişinini 2020-ci il oktyabrın 16-da mənzil başına çatdırmış Metropoliten oktyabrın 19-dan 2012-ci il mayın 31-i saat 06:00-a qədər – 226 gün ərzində sərnişinlərə xidmət göstərməyib.
Metropoliten sərnişinlərə müraciət edərək bir daha mövcud qaydalara, sanitar-gigiyenik normaların tələblərinə riayət etməyə çağırıb.