İtaliyada Üçüncü Azərbaycan Film Festivalı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr olunub
Bayraqdar.info – Roma şəhərinin Villa Borghese parkındakı məşhur “Casa del Cinema”da (Kino Evi) İtaliyada Üçüncü Azərbaycan Kino Festivalı başa çatıb.
Bu barədə bayraqdar.info-ya ölkəmzin İtaliyadakı səfirliyindən məlumat verilib.
Festival Heydər Əliyev Fondu, ölkəmizin İtaliyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, “Casa del Cinema”, “Zetema”, “Villa Borghese parkı”, “RAI Cinema”, “01 Distribution Rai Cinema SpA” kimi qurumların təşkilatçılığı ilə keçirilib.
Festivalın media tərəfdaşları İtaliyanın “Askanews” xəbər agentliyi, “Agenzia Nova” xəbər agentliyi, “Inside Over” analitik portalı, “Azerbaijan News” xəbər portalı və b. olub. Bildirilib ki, İtaliyada Üçüncü Azərbaycan Kino Festivalı Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə keçirilib.
Festivalın açılışında Arzu Əliyevanın baş prodüseri olduğu Bakı Media Mərkəzi tərəfindən lentə alınmış “Son iclas” sənədli-bədii filmi nümayiş etdirilib. İkinci günü italyan tamaşaçılara iki film təqdim edilib. Bunlardan birincisi Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanmış “Əbədi ezamiyyət” sənədli filmidir. Digəri isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmidir. Festivalın üçüncü günü isə “Qırmızı bağ”, “Axınla aşağı” və “Təhminə” bədii filmləri nümayiş etdirilib.
Xəbərdə deyilir ki, Festival İtaliyada COVID-19 ilə bağlı qüvvədə olan sanitar-epidemioloji qaydalara uyğun şəkildə təşkil edilib. Həmçinin Festivalın 2017 və 2019-cu illərdə olduğu kimi bu dəfə də italyan tamaşaçılarının böyük marağına səbəb olduğu vurğulanır. İtaliya mətbuatı da istər Festivaldan əvvəl, istərsə də Festival günlərində tədbirə geniş diqqət ayırıb. Çoxsaylı mediada, Romanın mədəni həyatını əks etdirən portallarda, həmçinin kino sektorundan yazan bloqlarda Festivalla bağlı 40-dan çox məqalə, yazı və video reportaj yayılıb.