Press "Enter" to skip to content

Hulusi Kılıç: Ermənilər ağıllarını başlarına yığmalıdırlar

Son yeniləmə: 30 May 2021 22:16

“Ermənistan bu cür təxribatlarla özünü daha da acınacaqlı duruma salmaqdansa, Azərbaycanın təklifinə müsbət yanaşmalıdır”

Bayraqdar.info – “Ermənilərin ağıllarını başlarına yığmalarını gözləyirik.”

Bunu Ermənistanın son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu törətdiyi təxribatlara münasibət bildirən Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.

Son sərhəd təxribatı da Ermənistana yaxşı heç nə vəd etmir

Bayraqdar.info-ya özəl açıqlamasında keçmiş səfir bildirib ki, bu təxribatlar bir daha ermənilərin sülh tərəfdarı olmadıqlarını ortaya qoyub: “Ötən il 44 günlük müharibə dövründə də bir neçə dəfə tərəflər arasında əldə edilən atəşkəsin məhz Ermənistan tərəfindən pozulduğunu unutmamışıq. Amma bütün bunlardan da sonda yenə ermənilər əziyyət çəkdilər. Son sərhəd təxribatı da Ermənistana yaxşı heç nə vəd etmir”.

Azərbaycan növbəti dəfə sülhsevər ölkə olduğunu nümayiş etdirib

Hulusi Kılıçın sözlərinə görə, Ermənistan bu cür təxribatlarla özünü daha da acınacaqlı duruma salmaqdansa, Azərbaycanın təklifinə müsbət yanaşmalıdır: “Vətən müharibəsində qalib gələn Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar isə özündə həm ümumilikdə regionun, həm də ayrı-ayrılıqda region ölkələrinin mənafeyinə xidmət edən məqamları əks etdirir. Onu da deyim ki, Azərbaycan növbəti dəfə sülhsevər ölkə və regionun sabitlik əsasında tərəqqisində maraqlı olduğunu nümayiş etdirib.

“Yəni, Ermənistanın bu günə kimi törətdiyi bütün cinayətlərə baxmayaraq Azərbaycan bu ölkənin də regiondakı yeni layihələrdə yer almasına razılıq verib. Cənab Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdəki çıxışında da bu məqama toxundu. Cənab Prezident bildirdi ki, biz indi gələcəyə baxmalıyıq. Yəni 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa hazırdır.

“Bir daha bəlli oldu ki, Azərbaycan vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycan təklif versə də əfsuslar olsun ki, Ermənistan rəhbərliyi buna cavab verməyib. Yəni göründüyü kimi Azərbaycan Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırdır”.

Ermənistan düşdüyü girdabdan xilas olmaq istəyirsə Azərbaycanın və Türkiyənin uzatdığı sülh əlini tutmalıdır

H.Kılıç bildirib ki, bu, əslində, aclıq və səfalət içində boğulan, xaosdan qurtula bilməyən Ermənistan üçün bir nəfəslik kimi dəyərləndirilməlidr: “Əgər Ermənistan düşdüyü girdabdan xilas olmaq istəyirsə Azərbaycanın və Türkiyənin uzatdığı sülh əlini tutmalı, işğalçı, terrorçu, revanşist addımlardan əl çəkməlidir. Ermənistanda anlamalıdırlar ki, onlara uzadılan bu əldə çörək var. Yəni, onlar bir dövlət kimi var olmaq istəyirlərsə Azərbaycanın və Türkiyənin təklif etdiyi yeni regional layihələrdə iştirak etməlidirlər. Təbii ki, bunun üçün də bir əsas şərt var. Ermənistanın uzun illər əsaslandığı işğalçılıq siyasətindən nəhayət ki, imtina edilməlidir”.

Ermənistan sərhəd təxribatlarına son qoymalı, Zəngəzur dəhlizinin açılması məsələsini ləngitməməlidir

“Bütün bunların fonunda bir daha sərhəddə baş verən son təxribatlara toxunmaq istəyirəm. Həm Ermənistan, həm də bütün dünya bilməlidir ki, Azərbaycanın BMT tərəfindən tanınan ərazisi, sərhədləri bəllidir. Son 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu sərhədlərin də süni yolla dəyişdirlməsinə cəhd edilib. Amma Vətən müharibəsindən sonra hər şeyə aydınlıq gətirilib. Və vaxt itirmədən Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində sərhədlərinə nəzarət Azərbaycan əsgərinə həvalə edilməlidir. Yəni Ermənistan hər hansı təxribat törədərək 10 noyabr Bəyanatının bəzi bəndlərinin reallaşmasına mane olmağa cəhd etməkdənsə beynəlxalq hüququn tələbinə əməl etməlidir. Bir sözlə Ermənistan nəhayət ki, reallığı qəbul etməlidir. Onlar istəsə də, istəməsə də bu sərhədlər bərpa olunacaq və Azərbaycan əsgəri öz sərhədlərinin bütün nöqtələrinə nəzarət edəcək. Sadəcə Ermənistan sərhəd təxribatlarına son qoymalı, Zəngəzur dəhlizinin açılması məsələsini ləngitməməlidir. Bir sözlə, bu gün Ermənistanın qarşısında iki yol var: birinci yol Azərbaycan və Türkiyənin sülh, əməkdaşlıq təklifinə müsbət cavab verib, böhrandan çıxmaqdır; ikinci yol isə revanşist təfəkkürdən xilas ola bilməyib bir dövlət kimi məhv olmaqdır”, – deyə keçmiş səfir sonda əlavə edib.

Mission News Theme by Compete Themes.