Bayraqdar.info – Bəzi hallarda istehlak təyinatlı qeyri-ərzaq mallarının bir hissəsi ölkə ərazisinə onların təhlükəsizliyinə zəmanət verən uyğunluq sertifikatı olmadan idxal olunur.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Xidmət tərəfindən iri ticarət şəbəkələrində, bazarlarda, mağazalarda və s. satış obyektlərində aparılan müşahidələr, həmçinin istehlakçılardan daxil olan müraciətlərdən bu qənaətə gəlinib.
“Qanunvericiliyin tələblərinə əsasən, standartların tələblərinə uyğunluğu təsdiq edən sertifikat olmadıqda texniki tənzimləmənin şamil olunduğu xarici mənşəli istehlak mallarını satmaq və istifadə etmək qadağandır. Belə malların ölkə ərazisinə idxal edilməsi üçün idxalçı tərəfindən malın təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatı təqdim edilməlidir”, – deyə xəbərdə bildirilir.
Dövlət Xidməti bu cür malları idxal və satış məqsədilə qəbul edən sahibkarların nəzərinə çatdırır ki, belə hallar istehlakçıların həyat və sağlamlığına, iqtisadi maraqlarına ziddir. İnzibati Xətalar Məcəlləsinə əsasən, uyğunluq sertifikatı olmayan malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1 min 500 manatdan 2 min manatadək cərimə tətbiq edilir. Hüquqi şəxslərə isə 4 min manatdan 6 min manatadək cərimə tətbiq olunur.
Eyni zamanda bu cür faktlar aşkar edildiyi təqdirdə atılacaq addımlar haqqında da məlumat verilib. Uyğunluq sertifikatı olmayan malların idxalının qarşısının alınması məqsədilə həmin sahibkarlıq subyektləri barəsində aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılacaq. İdxalla məşğul olan sahibkarlıq subyektləri inzibati sanksiyalarla qarşılaşmamaq üçün qeyri-ərzaq mallarının sertifikatlaşdırılması məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə, yaxud uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edimiş digər qurumlara müraciət etməlidir.
Dövlət Xidməti istehlakçılardan uyğunluq sertifikatı olmayan istehlak mallarını almamağı, belə hallarla rastlaşdıqda Xidmətin 498-15-01 və 498-15-04 qaynar xəttinə məlumat verməyi xahiş edir.