Press "Enter" to skip to content

Azərbaycanlı alim 35 ölkənin alimləri qarşısında çıxış edib – VİDEO

Bayraqdar.info – 25-29 may tarixində Portuqaliyanın Evora və Lissabon Universitetlərinin təşkil etdiyi “Avrasiyada kurqanlar və meqalitlər” (“Tumuli and Megaliths in Eurasia”) adlı onlayn beynəlxalq arxeologiya konqresi keçirilib. Konqresin əsas mövzusu Avrasiyada meqalit və kurqan tipli qəbir abidələrin müasir elmi tədqiqat metodlarının mübadiləsi, oxşarlıqların və yerli fərqlərin təyini olub. (Meqalit – təbii və ya insanların yaratdığı inanc ənənələrini ehtiva edən daş abidələr.)

Həmçinin, konqresdə kurqan və meqalitlərin qorunması üzrə beynəlxalq əməkdaşlığın istiqamətləri müzakirə edilib.

Xəbər bayraqdar.info-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilib.

Xəbərdə deyilir ki, tədbirin təşkilatçıları dünyanın 35 ölkəsini (İngiltərə, İsrail, Çin, ABŞ, Rusiya, Yaponiya, Braziliya və d.) təmsil edən arxeoloqların 46 videotəqdimatını konqresin “Tumuli Eurasia” Youtube kanalında yerləşdiriblər.

Beynəlxalq konqresdə Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov təmsil edib.

P.Qasımovun ingilis dilində olan “Orta tunc dövrünün sonundan İskit dövrünədək Avrasiya kurqanlarında qeyd edilmiş iki oxşarlıq barədə” (About two analogies fixed in the kurgans of Eurasia from the end of Middle Bronze to Scythian epoch) videotəqdimatı maraqla qarşılanıb.

Təqdimatda Azərbaycanın Tovuz bölgəsindəki tunc dövrünə aid Topdağdağan kurqanlarında qeyd edilmiş iki ənənənin Avrasiyadakı paralelləri barədə faktlar konqres iştirakçılarının diqqətinə çatdırılıb.

Videotəqdimatda göstərilib ki, istifadədən çıxmış obsidian qaşovların, qüsura malik zoomorfik daş fiqurların, sınmış dən daşlarının və d. zədəli əşyaların bilərəkdən kurqanın daş örtüyünə yerləşdirilməsi adəti Topdağdağan kurqanlarında rast gəlinib.

Eyni adət həm də Mərkəzi Asiyanın sak kurqanlarında izlənilib. Həmçinin, qəbir kamerasının üzərini dövrələyən dairəvi sədd həm Topdağdağan, həm də Cənubi Volqanın Srubnaya arxeoloji mədəniyyətinin və Cənubi Uralın erkən iskit kurqanlarında inşa edilirdi. Bu oxşarlıqların mənşəyi bir elmi problem kimi videotəqdimatda alimlər qarşısında qaldırılıb.

Videotəqdimatda Mərkəzi Asiyanın Sak dövrü və Topdağdağan kurqanlarında daş bütlərin (stelalar) yerləşdirilməsi ənənəsinə aid əyani nümunələr göstərilib. Həmçinin, 2021-ci ilin yanvar ayında Keşikçidağ Dövlət Tarix-Mədəniyyət qoruğunda (Ağstafa rayonu) aparılmış xilasetmə qazıntıları zamanı aşkar edilən orta tunc dövrünə aid daş düzümləri də videotəqdimatda sərgilənib.

Xəbərdə bildirilir ki, mayın 28-də konqres üzvlərinin videotəqdimatlarındakı elmi yeniliklər, qarşılıqlı əməkdaşlıq və d. mövzular üzrə fikir mübadiləsi aparılıb.

Öz çıxışında P.Qasımov toxunulmuş problemlərlə əlaqədar fikirlərini bildirib. O, videotəqdimatında nümayiş etdirdiyi Haça Qaya piri misalında, müasir dövrdə də etnik və dini mənsubiyyətindən asılı olmayaraq azərbaycanlılar arasında meqalitik ənənələrin yaşadığını konqres iştirakçılarının nəzərinə çatdırıb.

Mission News Theme by Compete Themes.