Bayraqdar.info – Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfindən minnətdarlıqla qarşılanmışdı.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında deyib.
H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin Milli Təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi.
“Mütəxəssislər səviyyəsində incəsənət məktəbi binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub.
Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunaraq, Ü.Hacıbəyli ad. Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanılacaq”, – deyə Prezidentin köməkçisi qeyd edib.
Əlavə edək ki, mayın 29-da MHP başqanı D.Bahçeli sosial media üzərindən Şuşada tikilməsi nəzərdə tutulan məktəb fikrindən vaz keçdiklərini bəyan etmişdi. Buna səbəb kimi Azərbaycanın MHP tərəfindən təklif edilən layihədən fərqli layihə təklif etdiyini göstərmiş, bu səbəbdən də məktəb tikmə fikrindən vaz keçdiklərini bəyan etmişdi.
Qeyd edək ki, bayraqdar.info bununla bağlı xəbər vermişdi.
İndi belə anlaşılır ki, Azərbaycan dövləti nəinki bu məktəbin tikintisini əngəlləmir, əksinə, onun Şuşanın memarlıq tələblərinə uyğunlaşdırılması üçün işlər görür.
Azərbaycan tərəfi eyni zamanda Türkiyə Cümhurbaşqanının Şuşaya gözlənilən səfəri çərçivəsində həmin məktəbin də təməlini atmağı planlaşdırır.